Artıq əlavə iş saatlarına ehtiyac yoxdur. Bu tikinti briqadası əsl xəzinə tapdı.

QHT.az xarici mediaya istinadən bildirir ki, Belçikada səkkiz tikinti işçisi ötən çərşənbə axşamı işlədikləri zaman ümumi dəyəri 9 milyon avro (10,5 milyon ABŞ dolları) olan qızıl sikkələr və qızıl külçələr aşkar edib.

Onlar bu qiymətli tapıntını Brüsseldən təxminən 31 kilometr şimal-qərbdə yerləşən Dendermonde şəhərində təmir etdikləri binanın altında aşkar ediblər.

Dendermonde Polis Dairəsinin rəisi Patrik Feys Belçikanın VTM telekanalına bildirib ki, qazma işləri zamanı qazma ucu ilişib və məlum olub ki, o, qızıl külçəyə dəyib.

Onun sözlərinə görə, tapıntı aşkar edildikdən sonra işçilər bina sahibinə xəbər veriblər, o da polisə müraciət edib.

Polis rəisi əlavə edib ki, sonradan yarana biləcək mübahisələrin qarşısını almaq üçün qızılların dəqiq siyahısı polis bölməsində videomüşahidə altında hazırlanıb və daha sonra qızıllar möhürlənərək saxlanılıb.

Dendermonde polisinin Facebook səhifəsində paylaşılan fotolarda qızıl sikkələrlə dolu metal vedrə və qızıl külçələrlə örtülmüş masa görünür.

Associated Press agentliyinin məlumatına görə, hazırda qızılların ora necə düşdüyünü və onların qanuni sahibinin kim olduğunu müəyyən etmək üçün polis araşdırma aparır.

Feys VTM-yə bildirib: “Ümid edirəm ki, bu vəsait xeyirli bir məqsəd üçün istifadə olunacaq. Lakin buna aparılan araşdırma və hüquqi prosedurlar nəticəsində qərar veriləcək.”

Zəhra Mansırova