“Mən səninlə danışanda üzümə bax”.

Bu cümləni bir çox insan uşaqlıqdan eşidib. Mütəxəssislər deyirlər ki, söhbət zamanı göz təması vacib olsa da, bunun üçün dəqiq bir qayda yoxdur.

QHT.az xarici mediaya istinadən bildirir ki, Bostondakı Northeastern Universitetinin psixoloqu Judith Hall bildirir ki, insanlar adətən dinləyərkən danışdıqlarından daha çox göz təması qururlar. Bununla belə, bu, fasiləsiz baxmaq demək deyil. İnsanların gözləri söhbət zamanı təbii olaraq hərəkət edir və uyğun göz təmasının miqdarını rəqəmlərlə müəyyənləşdirmək mümkün deyil.

Göz təması niyə vacibdir?

Mütəxəssislərin fikrincə, göz təması sadəcə nəzakət qaydası deyil. George Mason Universitetinin professoru Melissa Perry deyir ki, göz təması beynin fəaliyyətini stimullaşdırır, qarşılıqlı etimad, empatiya və səmimiyyət hissinin formalaşmasına kömək edir.

Viskonsin-Medison Universitetinin psixologiya professoru Paula Niedenthal isə bildirir ki, göz təması zamanı sosial bağlılığı gücləndirən oksitosin hormonu ifraz olunur. Bu da insanlar arasında yaxınlıq hissini artırır.

Bundan əlavə, insanların əhvalını, davranışını və emosiyalarını anlamaq üçün də göz təması mühüm rol oynayır. Ancaq bu, qarşı tərəfin gözlərinə davamlı baxmaq demək deyil. İnsanlar danışanı dinləyərkən çox vaxt dodaqlarına da baxırlar.

Həddindən artıq baxmaq da düzgün deyil

Melissa Perry xəbərdarlıq edir ki, çox az göz təması maraqsızlıq və ya özünə inamsızlıq, həddindən artıq göz təması isə təhdidedici və ya aqressiv təsir bağışlaya bilər. Sağlam ünsiyyət üçün ən yaxşısı təbii və fasiləli göz təmasıdır.

Araşdırmalar göstərir ki, qadınlar söhbət zamanı kişilərə nisbətən daha çox göz təması qururlar. Həmçinin müxtəlif mədəniyyətlərdə göz təmasına münasibət fərqlənə bilər. Bəzi cəmiyyətlərdə rəhbərlə uzun müddət göz təması hörmət əlaməti sayıldığı halda, digərlərində bunu hörmətsizlik kimi qəbul edə bilərlər.

Mütəxəssislər qeyd edirlər ki, autizm kimi bəzi neyroinkişaf xüsusiyyətlərinə malik insanlar üçün göz təması narahatlıq yarada bilər və ondan yayınmaq təbii davranış hesab olunur.

Onların fikrincə, göz təmasının insan münasibətlərinə təsiri düşündüyümüzdən daha güclüdür və bu barədə məlumatlı olmaq daha sağlam ünsiyyət qurmağa kömək edir.

Zəhra Mansırova