Çinin aparıcı humanoid (insanabənzər) robot istehsalçılarından Unitree-nin səhmləri Şanxay birjasında ilk ticarət günündə 629%-ə qədər yüksəlib.
QHT.az xarici mediaya istinadən xəbər bildirir ki, Şirkət 2016-cı ildə Hangzhou şəhərində Van Sinsin (Wang Xingxing) tərəfindən təsis edilib. Unitree, Şanxay Fond Birjasının STAR bazarında IPO keçirərək 6,1 milyard yuan (904 milyon ABŞ dolları) vəsait cəlb edib. Səhmlərin ilkin qiyməti 150,80 yuan müəyyənləşdirilib, günorta saatlarına qədər isə təxminən 500% bahalaşıb.
Qabaqcıl robot texnologiyaları Çin və ABŞ arasında texnologiya rəqabətinin əsas istiqamətlərindən biridir. Humanoid robotların istehsal gücü və miqyası baxımından Çin ABŞ-ı qabaqlayır.
Omdia-nın məlumatına görə, ötən il dünyada göndərilən təxminən 15 min humanoid robotun böyük hissəsini Unitree və digər Çin istehsalçısı AGIBOT təmin edib. Hər iki şirkət 5 mindən çox robot tədarük edərək amerikalı rəqiblərini geridə qoyub.
Morningstar analitiki Kangyuxiao Li bildirib ki, əsas məsələ şirkətlərin genişmiqyaslı sənaye və kommersiya tətbiqlərində etibarlı nəticə və yüksək investisiya gəliri təmin edə bilməsidir.
Unitree IPO-dan əldə olunan vəsaiti robot texnologiyalarının tədqiqatı, inkişafı və istehsal gücünün artırılmasına yönəldəcəyini açıqlayıb. Şirkət materik Çində birjada listinq olunan ilk humanoid robot istehsalçısıdır və analitiklər hesab edirlər ki, bu IPO sektor üçün mühüm göstərici olacaq.
Unitree 2025-ci ildə humanoid və dördayaqlı robot satışından 1,7 milyard yuan (250 milyon ABŞ dolları) gəlir əldə edib. Gəlirin 40%-dən çoxu xarici bazarlardan, 13%-i isə ABŞ-dan formalaşıb.
Şirkət bildirib ki, ABŞ-ın milli təhlükəsizlik səbəbilə yeni xarici istehsal humanoid və dördayaqlı robotların idxalına qoyduğu qadağa gələcək satışlara mənfi təsir göstərə bilər və məhdudiyyətlərin daha da sərtləşdirilməsi riski qalır.
Zəhra Mansırova






