Xəzər dənizinin Sumqayıt sahillərində geri çəkilməsi nəticəsində yeni quru sahələrin yaranması ekoloji və şəhərsalma baxımından ciddi məsələlər gündəmə gətirir. Bu barədə QHT.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib.

Onun sözlərinə görə, Xəzərin səviyyəsinin azalması yeni proses deyil və bu hal həm iqlim dəyişiklikləri, həm də dənizin təbii xüsusiyyətləri ilə əlaqədardır.

“Xəzər dənizi son 100 ildə dəfələrlə geri çəkilib və yenidən irəliləyib. Bu, dənizin xarakterik xüsusiyyətlərindən biridir. Hazırda müşahidə olunan geriləmə əsasən quraqlıq və iqlim dəyişiklikləri ilə bağlıdır. Lakin təcrübə göstərir ki, müəyyən müddətdən sonra dənizin yenidən əvvəlki səviyyəsinə qayıtması mümkündür”, – deyə ekoloq qeyd edib.

Q. İbrahimli bildirib ki, dənizin geri çəkilməsi nəticəsində üzə çıxan ərazilər ekoloji risklər yarada bilər. Onun sözlərinə görə, qumsal və şoran sahələrdəki duzlar və müxtəlif minerallar küləklər vasitəsilə yaşayış məntəqələrinə daşınaraq insanların sağlamlığına mənfi təsir göstərə bilər.

“Abşeron yarımadası küləkli ərazi olduğundan dənizin altından çıxan duz və mineralların insanların tənəffüs yollarına, gözlərinə və dərisinə təsir etməsi mümkündür. Buna görə həmin ərazilərdə şoranlığa davamlı yulğun və digər bitkilər əkilməli, yaşıl zolaqlar yaradılmalıdır”, – deyə o vurğulayıb.

Ekspert hesab edir ki, Sumqayıt sahillərində üzə çıxan yeni ərazilərdə gələcək tikinti layihələri həyata keçirilərkən xüsusi ehtiyatlı davranılmalıdır.

“Dəniz gedib-gələn bir təbii sistemdir. Ona görə də sahilyanı ərazilərdə inşa ediləcək obyektlər yüngül konstruksiyalı olmalı, gələcəkdə dənizin yenidən qalxması ehtimalı nəzərə alınmalıdır. Şəhərsalma qərarları qəbul edilərkən alimlərin və mütəxəssislərin rəyləri öyrənilməli, tarixi müşahidələr nəzərə alınmalıdır”, – deyə Q. İbrahimli əlavə edib.

Ekoloq həmçinin dənizin geri çəkilməsi nəticəsində üzə çıxan ərazilərdə yaşayan canlıların və ekosistemin qorunmasının da vacib olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu proseslərin mümkün mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi zəruridir.

Zəhra Ağayeva