Son illər maqnezium əlavələri sağlamlıq sahəsində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Yuxu pozğunluqları, əzələ spazmları, yorğunluq və stress kimi problemlərlə bağlı tövsiyə edilən maqnezium bir çox insan tərəfindən geniş istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu mineralın şüursuz qəbulu sağlamlıq üçün müəyyən risklər yarada bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, maqnezium insan orqanizmində 300-dən çox ferment reaksiyasında iştirak edir. O, əzələ fəaliyyəti, qan şəkərinin tənzimlənməsi, ürək ritmi, sümük sağlamlığı və sinir sisteminin normal fəaliyyəti üçün vacib hesab olunur. Maqnezium çatışmazlığı isə əzələ spazmları, yorğunluq, keyimə və digər narahatlıqlarla özünü göstərə bilər.
Araşdırmalar göstərir ki, bir çox insan gündəlik qidalanma vasitəsilə kifayət qədər maqnezium qəbul etmir. Xüsusilə yaşlılar, 2-ci tip diabet xəstələri, insulin müqaviməti olan şəxslər, eləcə də bəzi həzm sistemi xəstəliklərindən əziyyət çəkən insanlar risk qrupuna daxildir.
Bununla yanaşı, mütəxəssislər maqneziumun hər kəs tərəfindən və nəzarətsiz şəkildə istifadə edilməsinin düzgün olmadığını bildirirlər. Onların fikrincə, əlavənin növü və dozası insanın yaşı, sağlamlıq vəziyyəti və qəbul etdiyi dərmanlar nəzərə alınmaqla müəyyən edilməlidir.
Həkimlər sosial şəbəkələrdə yayılan tövsiyələrə əsaslanaraq maqnezium qəbul etməyi məsləhət görmürlər. Bildirilir ki, əlavələrin istifadəsi yalnız həkim və ya əczaçı məsləhəti ilə həyata keçirilməlidir.
Ekspertlər həmçinin internet üzərindən alınan məhsullarla bağlı ehtiyatlı olmağa çağırırlar. Saxta və keyfiyyətsiz məhsulların bazarda geniş yayılması səbəbindən əlavələrin etibarlı mənbələrdən əldə edilməsi tövsiyə olunur.
Mütəxəssislərin fikrincə, tövsiyə olunan normadan artıq maqnezium qəbulu bəzi hallarda baş ağrısı, ishal və digər yan təsirlərə səbəb ola bilər. Xüsusilə böyrək xəstəliyi olan şəxslər bu əlavələrdən istifadə edərkən daha diqqətli olmalıdırlar.
Beləliklə, maqnezium orqanizm üçün vacib minerallardan biri olsa da, onun istifadəsi fərdi ehtiyaclara uyğun və mütəxəssis nəzarəti altında həyata keçirilməlidir.
Piranə Xasiyeva






