Azərbaycan Dövlət İqtisad Universiteti Tədqiqat Fondunun dövlət qurumları üçün növbəti təlimi baş tutub.

Universitetdən QHT.az- a verilən məlumata görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin intensivliyini və işin xüsusiyyətini nəzərə alaraq, zəruri biliklərin artırılması məqsədilə Agentliyin aparıcı mütəxəssisləri və bölmə rəhbərləri üçün “Strateji kommunikasiya və böhran idarə edilməsi” mövzusunda təlim keçirilib.

Dövlət orqanlarının böhran vəziyyətlərində şablon və ssenarilərinin mütəmadi şəkildə yenilənməsi, xüsusi ilə minatəmizləmə kimi riskli və prioritet fəaliyyətdə böhran hallarının öncədən proqnozlaşdırılmasının müstəsna xarakter daşıdığını nəzərə alaraq, Universitetin Tədqiqat Fondu bu cür təlimlərin mütəmadi keçirilməsini hədəfləyib. Ötən dövrlərdə Fond tərəfindən keçirilən təlimlərin nəticəsində qurumların daxili və xarici kommunikasiyalarında effektivliyin artması müşahidə olunub.

 

Pərvanə Fərhadqızı