Somalidə humanitar vəziyyətin sürətlə pisləşməsi beynəlxalq qeyri-hökumət təşkilatlarını təcili maliyyə dəstəyi çağırışı etməyə vadar edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, beynəlxalq humanitar təşkilatların yaydığı birgə bəyanatda bildirilir ki, ölkədə milyonlarla insan kəskin ərzaq çatışmazlığı ilə üz-üzədir. Davam edən quraqlıq, silahlı münaqişələr və maliyyə çatışmazlığı səbəbindən ərzaq, təmiz su və tibbi xidmətlərə çıxış getdikcə çətinləşir. 

QHT-lər donor ölkələri və beynəlxalq maliyyə institutlarını humanitar proqramların davam etdirilməsi üçün əlavə vəsait ayırmağa çağırıblar. Onların sözlərinə görə, maliyyələşmənin artırılmaması milyonlarla insanın həyatını risk altına qoya və ölkədə humanitar böhranı daha da dərinləşdirə bilər. 

Təşkilatlar xüsusilə uşaqlar, hamilə qadınlar və məcburi köçkün ailələrin ən həssas qruplar olduğunu vurğulayaraq, beynəlxalq ictimaiyyəti operativ tədbirlər görməyə səsləyiblər.