Keniyalı fəal Kakenya Ntaiya şəxsi həyatında yaşadığı çətinlikləri qız uşaqlarının təhsilinə və hüquqlarının müdafiəsinə həsr etdiyi fəaliyyətə çevirib. O, təsis etdiyi Kakenya’s Dream təşkilatı vasitəsilə minlərlə qızın təhsil almasına və zərərli ənənələrdən qorunmasına dəstək verir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Kakenya Ntaiya Devex-ə müsahibəsində beynəlxalq donorların yerli təşkilatları dəstəkləmək vədlərinə baxmayaraq, daha çox genişmiqyaslı layihələrə üstünlük verdiyini bildirib. Onun fikrincə, əsas məqsəd layihələrin böyüklüyü deyil, insanların həyatında yaratdığı real dəyişiklik olmalıdır.
Ntaiya hesab edir ki, yerli təşkilatlar icmaların ehtiyaclarını daha yaxşı bildikləri üçün onlara uzunmüddətli dəstəyin göstərilməsi daha effektiv nəticələr verir. Onun rəhbərlik etdiyi təşkilat təhsillə yanaşı, qız uşaqlarının hüquqları və gender bərabərliyi sahəsində də maarifləndirmə işləri aparır.






