Bakıda müşahidə olunan güclü külək şəhərdə toz çirklənməsinin kəskin artmasına səbəb olub. Ekoloq Sadiq Həsənov QHT.az-a açıqlamasında bildirib ki, bu cür küləklər tez-tez baş verməsə də, yaranan şərait havadakı toz hissəciklərinin normadan artıq səviyyəyə qalxmasına gətirib çıxarır.

Onun sözlərinə görə, hazırda müşahidə olunan küləyin sürəti təxminən saniyədə 30–35 metrə çatır. Belə güclü küləklər uzun müddət ətraf mühitdə yığılıb qalmış toz kütlələrini havaya qaldıraraq şəhər üzrə yayır.

Ekoloq qeyd edib ki, Bakıda toz çirklənməsinin əsas mənbələrindən biri daş karxanalarıdır. Burada ənənəvi kəsmə üsullarından istifadə olunduğu üçün böyük həcmdə toz yaranır və illərlə ətraf ərazilərdə toplanır. Güclü şimal-qərb küləyi zamanı isə həmin tozlar asanlıqla havaya qalxaraq şəhərə yayılır.

S.Həsənovun sözlərinə görə, digər mühüm mənbələr tikinti sahələri və avtomobil nəqliyyatıdır. Tikintidə istifadə olunan qum, sement və digər xırda hissəcikli materiallar küləyin təsiri ilə atmosferə qarışır. Avtomobillərin tullantıları da havanın çirklənməsində əhəmiyyətli rol oynayır.

Ekoloq vurğulayıb ki, dünyanın bir çox şəhərlərində bu problemin qarşısını almaq üçün mühafizə meşə zolaqlarından istifadə edilir. Meşə zolaqları şəhərə daxil olan küləklə birlikdə hərəkət edən toz hissəciklərini müəyyən qədər udaraq onların yaşayış məntəqələrinə yayılmasının qarşısını alır.

S.Həsənov bildirib ki, Bakıda belə mühafizə meşə zolaqlarının kifayət qədər olmaması şəhərin toz fırtınalarına qarşı həssaslığını artırır. Onun sözlərinə görə, Qobustan, Ələt və ətraf səhralıq ərazilərdən qalxan qum və toz güclü şimal və şimal-qərb küləkləri zamanı paytaxta daşınaraq hava keyfiyyətini pisləşdirir.