IV Aerokosmik Modelçilik Festivalının qaliblərinə medal, kubok və diplomlar təqdim olunub

28 iyul 2026-cı ildə Bakıda “İnnovasiyalar Mərkəzi”ndə “Yeni Texnologiyaların İnkişafına Dəstək” ictimai birliyinin təşkilatçılığı ilə IV Aerokosmik Modelçilik Festivalının mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Milli Məclisin deputatı Sadiq Qurbanov, gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov, Sumqayıt Dövlət Universitetinin rektoru Nurali Yusifbəyli, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanov, dövlət qurumlarının və tərəfdaş təşkilatların nümayəndələri, həmçinin Xarkov Aviasiya Universitetinin rektoru və birinci prorektoru iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra festivaldan hazırlanmış videoçarx nümayiş etdirilib.

Festivalın 12 kateqoriyası üzrə I, II və III yerləri tutan iştirakçılara medal, kubok və diplomlar təqdim edilib. Aktiv iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Festivalın müxtəlif illərdə keçirilmiş mərhələləri üzrə ölkənin müxtəlif regionlarından ümumilikdə 1 500-ə yaxın müraciət daxil olub. Qiymətləndirmə zamanı uçuş hündürlüyü və müddəti, eniş dəqiqliyi, texniki göstəricilər və uçuşun reallığa uyğunluğu kimi meyarlar nəzərə alınıb.

Mərasimdə festivalın təşkilinə və keçirilməsinə dəstək göstərən Gənclər və İdman Nazirliyi, “İnnovasiyalar Mərkəzi”, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Füzuli Rayon İcra Hakimiyyəti, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Gömrük Komitəsinin Baş Hava Nəqliyyatı İdarəsi, Azərbaycan Hərbi Hava Qüvvələri, “Azərbaycan Hava Yolları” (AZAL), AZAD Systems, ASAN Visa, ASAN TV, ASELSAN Baku, Hadaf Liseyi, IT INNOVATIONS Computer Academy, AzST MMC və ORBITE MMC-nin nümayəndələrinə təşəkkür sertifikatları təqdim olunub.

IV Aerokosmik Modelçilik Festivalı Azərbaycanda aerokosmik modelçilik, texniki yaradıcılıq və beynəlxalq əməkdaşlıq üçün formalaşan geniş platformanın növbəti mərhələsini nümayiş etdirib.