“Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk seçkidir ki, Azərbaycanın bütün ərazisində həyata keçiriləcək. Demək olar ki, bütün ərazi sakinləri bu seçkidə iştirak edəcəklər. Seçki məntəqələrinin sayı artıb. MSK-nın saytında həmin siyahı var”.
Bu sözləri Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az –a açıqlamasında bildirib. Azərbaycanın qələbəsindən sonra siyasi arenada qazandığı uğurdan və nüfuzunun artmasından sonra ölkəmizə olan diqqətin daha da artdığını bildirən QHT sədri ölkəmizdə keçirilən seçkilər, bütün baş verən hadisələr daha çox diqqət mərkəzində olduğunu da qeyd edib: “Hesab edirəm ki, həm seçki qurumları, həm dövlət orqanları, həm vətəndaşlarımız, həm müşahidəçilər, həm də siyasi partiyalar daha diqqətli, həssas yanaşmalı, proseslərə çevik reaksiya verməlidirlər. Seçkilərin nəticələrindən asılı olaraq, ölkəmizə olan ayrı-ayrı qurumların, beynəlxalq təşkilatların münasibəti ona uyğun olaraq formalaşacaq. Əminəm ki, seçkilər şəffaf, azad, demokratik keçəcək. Seçkidə nəinki dövlət qurumları, siyasi partiyalar, həmçinin vətəndaşlarımız da kifayət qədər fəal olmalıdırlar”.
Qeyd edək ki, fevralın 7-də Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkiləri keçililəcək. Bu tarixi siyasi hadisənin ölkənin həyatında rolunu, beynəlxaql nüfuzuna təsirini nəzərə alaraq, keçiriləcək seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədi ilə və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin iştirakının vacibliyini nəzərə alaraq bir neçə tanınmış, bu sahə üzrə ixtisaslaşmış və təcrübəyə malik ictimai təşkilatlar -“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyi (sədr- A. M. Kərimov ), “Demokratik Seçki Mərkəzi” İctimai Birliyi (sədr- Q. Ə. İbrahimli) və «Cəмiyyətin İnкişаfı Mərkəzi» Ictimаi Birliyi (sədr- Ə. N. Abbasbəyli) seçkilərin monitorinqini həyata keçirmək, seçki dairələri üzrə və seçki məntəqələrində müşahidə aparmaq üçün 21.12.2023-cü il tarixdə yeni müstəqil və tərəfsiz Koalisiya- “Sivil Toplum” Monitorinq Koalisiyası təsis edib.
Pərvanə Fərhadqızı










