“Artıq azad olunmuş ərazilərdə seçki prossesində işrirak etmək üçün, müşahidəçi statusunda olmağımla bağlı sənədlərimi MSK-ya təqdim etmişəm. Eyni zamanda keçmiş məcburi köçkünlərimizin bu seçkilərdə daha da fəal olmaqları üçün çalışacam. Xüsusilə ilk dəfə səs verəcək gənclərimizlə”.
Bu sözləri Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov QHT.az-a açıqlamasında bildirib. Azərbaycanda tam şəffav və demokratik seçki mühitinin olduğunu qeyd edən QHT sədri həmçinin bildirib ki, burada heç bir maneə yoxdur, bütün namizədlər üçün də bərabər imkanlar yaradılıb: “Beynəlxalq müşahidəçilər dəvət edilib. Yerli vətəndaş cəmiyyəti üzvlərinin seçkilərdə müşahidəçi olmalarına və prossesi izləmələrinə tam şərait vardır. KİV üçün bütün şərait yaradılıb. Sosial şəbəkələrdə də bu prosses şəffav şəkildə və maneəsiz müşahidə edilir”.
QHT sədri onu da vurğulayıb ki, xalqımız bu seçkidə də əvvəlki illərdə olduğu kimi yüksək fəallıq nümayiş etdirəcək və yenə də layiqli namizədə səs verəcəkdir. Ən əsası odur ki, bu seçkilərin ərazi bütövlüyümüzün tam bərpa olduğu dövrdə keçirildiyini qeyd edən Anar Xəlilov azad olunmuş ərazilərimizdə bu gün səs verəcək vətəndaşlarımızın fəallığı və sevinci daha yüksək olacağını da vurğulayıb: “Şuşada, Laçında, Xankəndində, Füzulidə, Ağdamda və s. seçki məntəqələrimizin yaradılması bizə qürur verir. Bunu təmin edən Ali Baş Komandan Cənab İlham Əliyevə, Ordumuzun əsgərlərinə, Qazilərimizə minnətdarlığımı bildirir, Allahdan Şəhidlərimizə rəhmət diləyirəm”.
Pərvanə Fərhadqızı










