“Qarşıda gələn növbədənkənar Prezident seçkiləri Azərbaycan cəmiyyətində aktiv müzakirə olunur. Azərbaycanda növbədənkənar seçkilərin yüksək səviyyədə, demokratik, açıq və şəffaf keçirilməsi üçün lazımi qanunvericilik bazası mövcuddur. Bu baza tam olaraq beynəlxalq seçki standartlarına uyğundur. Seçkinin növbədənkənar olaraq keçirilməsini şərtləndirən amillər barədə isə Prezident İlham Əliyev media nümayəndələrinə verdiyi müsahibədə qeyd etmişdir”.

Bu fikirləri “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edir ki, bunlar əsas etibarilə suverenliyimizin tam bərpasıdır, yəni Azərbaycanda seçki sistemi artıq mövcud formasiyadan yeni dövrə reformasiya olunur: “Prezident seçkiləri də bu yeni dövrün başlanğıcıdır. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri əhəmiyyətinə görə ən vacib seçki olduğuna görə yeni tarixi reallıq dövründə ilk seçki olmalıdır. Bir zamanlar separatçıların fəaliyyət göstərdiyi əraziklərdə seçki məntəqələrinin yaradılması əlamətdar haldır. İşğal illərində həmin yerlərdə separatçı rejim bölücülük fəaliyyəti ilə məşğul olub”.

Ramil İskəndərli hesab edir ki, QHT-lər, eləcə də media nümayəndələri Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda yaradılmış məntəqələri diqqətdə saxlamalıdırlar: “Bu ərazilərdə vətəndaşların səsvermə hüququnun realizasiya faktının əhəmiyyətini yerli və beynəlxalq aləmdə təşviq edilməsi çox vacibdir. Həmçinin bu seçki bir növ Prezident İlham Əliyev üçün 20 illik dövrün bir məntiqi nəticəsi olaraq yeni bir dövrə keçid seçkisidir”.

 

Pərvanə Fərhadqızı