Cənubi Koreyanın Samsung Electronics şirkətinin idarə heyətinin sədri həmkarlar ittifaqını maaşla bağlı mübahisəni rəhbərliklə birlikdə həll etməyə çağırıb. O, planlaşdırılan tətilin investorlar və işçilər üçün mənfi nəticələr doğura biləcəyini və ölkə iqtisadiyyatı üçün “ciddi nəticələrə” səbəb ola biləcəyini bildirib.

QHT. az xarici mediaya istinadən bildirir ki, Seulda çıxış edən şirkət rəsmisi bildirib ki, istehsal və təchizat zəncirində mümkün fasilələr müştərilərin uzaqlaşmasına, rəqabət qabiliyyətinin zəifləməsinə və bazar liderliyinin itirilməsinə gətirib çıxara bilər.

Şirkətin açıqlamasına görə, sədr işçilərə göndərdiyi daxili məktubda tətilin davam etməsi halında kapital axınının azalması, dövlətin vergi gəlirlərinin düşməsi və milli valyutanın zəifləməsi risklərinin yarana biləcəyini vurğulayıb.

O qeyd edib ki, problemi “səmimi dialoq yolu ilə” həll etmək vaxtıdır.

Qeyd edək ki, şirkətin həmkarlar ittifaqları bonusların artırılması tələbi ilə mayın 21-dən etibarən 18 gün davam edəcək tətil keçirməyi planlaşdırır.