Bildiyimiz kimi 5 may — “Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün məqsədi əlilliyi olan insanların hüquqlarına diqqət çəkmək, onların cəmiyyətə tam və bərabər inteqrasiyasını təşviq etməkdir. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında infrastrukturun (pandusların, uyğun nəqliyyatların, xüsusi xidmətlərin və s.) təmin olunması mövzusu da aktualdır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev QHT.az-a açıqlama verib.

Adil Nəbiyev bildirib ki, 5 may tarixi inklüziv cəmiyyət anlayışının real vəziyyətini göstərən mühüm göstəricidir: "5 may — Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü — yalnız simvolik tarix deyil, həm də cəmiyyətlərin nə dərəcədə inklüziv olduğunu ölçən mühüm göstəricidir. Azərbaycanda son illərdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində müəyyən irəliləyişlər müşahidə olunsa da, infrastruktur baxımından vəziyyət hələ də qarışıq və qeyri-bərabər olaraq qalır".

A.Nəbiyevin sözlərinə görə, paytaxtda yeni layihələrdə əlçatanlıq elementlərinin tətbiqi genişlənir: "Paytaxt Bakı şəhərində yeni tikilən ictimai binalarda pandusların və liftlərin quraşdırılması daha sistemli xarakter alıb. Bəzi metro stansiyalarında lift və eskalatorların əlçatanlığı artırılıb, aşağı döşəməli avtobusların sayı çoxalıb və müəyyən dövlət xidmətlərində xüsusi xidmət pəncərələri yaradılıb. Lakin bu tədbirlər əsasən yeni layihələrdə tətbiq olunur".

Ekspert vurğulayıb ki, köhnə infrastruktur və regionlarda əlçatanlıq problemləri hələ də ciddi olaraq qalır: "Köhnə tikililərdə, səki və piyada keçidlərində, eləcə də regionlarda əlçatanlıq problemi ciddi şəkildə qalmaqdadır. Bir çox panduslar normativlərə uyğun tikilmir ki, bu da onların faktiki istifadəsini çətinləşdirir. İctimai nəqliyyatda bütün marşrutların tam uyğunlaşdırılması hələ başa çatmayıb, vizual və eşitmə məhdudiyyətli şəxslər üçün informasiya sistemləri isə kifayət qədər inkişaf etməyib. Nəticədə, bu şəxslər gündəlik hərəkət zamanı əlavə maneələrlə üzləşirlər".

Adil Nəbiyev qeyd edib ki, son illər inklüzivlik istiqamətində dövlət proqramlarında müəyyən müsbət dəyişikliklər müşahidə edilir: "Bununla yanaşı, müsbət tendensiya kimi qeyd etmək olar ki, son illərdə dövlət proqramlarında inklüzivlik daha çox prioritet kimi çıxış edir. Rəqəmsal xidmətlərin genişlənməsi müəyyən fiziki baryerləri qismən kompensasiya edir, ictimai şüurda da bu məsələyə diqqət artır".

Ekspertin fikrincə, real inklüziv mühitin yaradılması üçün kompleks yanaşma vacibdir: "Lakin real inklüziv mühitin formalaşması üçün yalnız texniki infrastruktur kifayət deyil. Standartlara ciddi nəzarət, vahid şəhər planlaşdırması, ictimai nəqliyyatın tam uyğunlaşdırılması, regionlararası bərabərliyin təmin edilməsi və ən əsası, əlilliyi olan şəxslərin qərar qəbuletmə proseslərinə cəlb olunması vacibdir. Çünki inklüzivlik yalnız fiziki əlçatanlıq deyil, həm də sosial iştirak, müstəqil hərəkət imkanı və ləyaqətli həyat şəraitinin təmin olunması deməkdir".

Fatimə Nəbiyeva