“Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib. Müvafiq dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Mövzu ilə bağlı Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlama verib.
M.Əlizadənin sözlərinə görə, Bu dəyişiklik sosial ədalətin təmininə xidmət edir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklik olduqca mühüm və ədalətli addımdır. Bu dəyişikliyə əsasən mina təmizləmə fəaliyyəti zamanı həlak olan şəxslərin övladları da vətən uğrunda şəhid olmuş şəxslərin övladları ilə eyni statusa malik olurlar. Hesab edirəm ki, bu yanaşma tamamilə doğrudur. Çünki mina problemi birbaşa müharibənin nəticəsidir və mina təmizləyən şəxslər də məhz müharibənin ağır fəsadlarını aradan qaldırarkən həyatlarını itirirlər.
Məleykə Əlizadə bildirib ki, Dövlət dəstəyi təhsil imkanlarını qoruyur: Bu baxımdan, həlak olmuş mina təmizləyənlərin övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi həm sosial, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Bəzi hallarda həmin uşaqlar yüksək bal toplayaraq ödənişsiz əsaslarla təhsil ala bilərlər və bu zaman əlavə dəstəyə ehtiyac yaranmaya bilər. Lakin elə hallar da olur ki, onlar daha aşağı bal toplayır və ödənişli ixtisaslara qəbul olunurlar. Belə vəziyyətdə ailənin maddi imkanları əsas problemə çevrilir.
Sədr vurğulayıb ki, Ailə gəlir itkisi təhsili çətinləşdirir: Mina təmizləyənlər ailənin əsas təminatçılarından biri olurlar. Bu gün artıq bu sahədə çalışan qadınların da sayı artır. Əgər ailə öz əsas gəlir mənbəyini itirirsə, həmin ailənin övladının təhsil haqqını ödəməsi çox çətin olur. Buna görə də dövlət tərəfindən göstərilən bu dəstək həmin ailələrin sosial rifahının qorunmasına və yaxşılaşmasına xidmət edir.
O qeyd edib ki, Təhsil çıxış imkanları genişlənir: Bu qərarın bir neçə mühüm müsbət tərəfi var. İlk növbədə, həmin ailələrin övladlarının təhsilə çıxış imkanları genişlənir və onlar daha rahat şəkildə ali təhsil ala bilirlər. Onlar bilirlər ki, müəyyən bal topladıqları halda belə dövlət onların təhsilinə dəstək olacaq.
Məleykə Əlizadə əlavə edib ki, Təhsil gənclərin peşə sahibi olmasını təmin edir: İkinci mühüm məqam ondan ibarətdir ki, bu gənclər təhsil alaraq peşə və ixtisas sahibi olurlar. Təhsil gələcək həyat üçün ən vacib təminatlardan biridir. İxtisas əldə edən insan öz bacarıqlarını inkişaf etdirərək peşəkar mütəxəssisə çevrilə bilər.
Sədr diqqətə çatdırıb ki, İş imkanları sosial rifahı gücləndirir: Üçüncü vacib məqam isə onların gələcəkdə işlə təmin olunma imkanlarının artmasıdır. Təhsil almış gənc həm öz həyatını qura, həm də ailəsinə maddi dəstək göstərə bilər. Bu isə həssas qrupdan olan ailələrin sosial rifahının yüksəlməsinə ciddi təsir edir.
M.Əlizadə bildirib ki, Həssas qruplara dəstək sosial ədaləti möhkəmləndirir: Ümumilikdə hesab edirəm ki, dövlət tərəfindən həssas qruplara göstərilən belə sosial dəstək çox müsbət addımdır. Gələcəkdə fiziki məhdudiyyəti olan şəxslərin ailələrinin uşaqları və digər həssas kateqoriyadan olan gənclər üçün də bu imkanların genişləndirilməsi cəmiyyət üçün faydalı olar. Bu cür addımlar həm sosial ədalətin təmin olunmasına, həm də gənclərin təhsil və inkişaf imkanlarının artırılmasına xidmət edir.
Fatimə Nəbiyeva






