İnklüziv şəhər mühitinin formalaşdırılması son dövrlərdə urban inkişaf siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu yanaşma xüsusilə fiziki məhdudiyyətli şəxslərin və piyadaların rahat hərəkət imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirir ki, inklüzivlik anlayışı bütün kateqoriyadan olan insanların infrastrukturdan bərabər şəkildə istifadə edə bilməsini nəzərdə tutur. Bu, fiziki məhdudiyyətli şəxslər, əlil arabasında hərəkət edənlər, eləcə də uşaq arabası ilə gedən insanlar üçün uyğun şəraitin yaradılmasını əhatə edir.
Onun sözlərinə görə, infrastrukturun bütün hissələrində – pilləkənlərdə, eniş-yoxuşlarda, səkilərdə və digər məkanlarda bu amillər mütləq nəzərə alınmalıdır. Lakin indiyədək Azərbaycanda bu məsələyə kifayət qədər diqqət yetirilməyib. Daha çox avtomobillərin hərəkəti üçün şərait yaradılıb, hətta piyadaların rahat hərəkəti belə tam təmin olunmayıb.
Ekspert qeyd edir ki, son dövrlərdə bu sahədə müəyyən müsbət dəyişikliklər müşahidə olunur. Bakının baş planında və dövlət proqramlarında inklüziv infrastrukturun inkişafı ilə bağlı addımlar nəzərdə tutulub. Artıq bəzi küçələr piyadayönümlü zonalara çevrilir və bu ərazilərdə həm piyadalar, həm də fiziki məhdudiyyətli şəxslər üçün daha əlverişli şərait yaradılır.
Yasin Mustafayev vurğulayır ki, bu yanaşma yalnız müəyyən ərazilərlə məhdudlaşmamalı, bütün piyada keçidlərində və ümumilikdə şəhər infrastrukturunda tətbiq olunmalıdır. Onun fikrincə, son vaxtlar bu istiqamətdə atılan addımlar və səsləndirilən təşəbbüslər artıq öz müsbət nəticələrini göstərməyə başlayır.






