5 may — “Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün məqsədi əlilliyi olan insanların hüquqlarına diqqət çəkmək, onların cəmiyyətə tam və bərabər inteqrasiyasını təşviq etməkdir.
Mövzu ilə bağlı "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az-a açıqlama verib.
Cəmilə Abdulova bildirib ki, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində son illərdə mühüm irəliləyişlər müşahidə olunur: Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması və onların cəmiyyətə inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılıb. Qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial xidmətlərin genişləndirilməsi və inklüziv yanaşmanın təşviqi bu sahədə müsbət dinamikanın formalaşmasına səbəb olub. Dövlət tərəfindən həyata keçirilən sosial layihələr, proqramlar və təşəbbüslər əlilliyi olan şəxslərin rifahının yaxşılaşdırılmasına və onların cəmiyyət həyatında daha aktiv iştirakına şərait yaradır.
C.Abdulovanın sözlərinə görə, təşkilat tərəfindən irəli sürülən qanunvericilik təşəbbüslərinin müsbət nəticələr verəcəyinə ümid edilir: Eyni zamanda, təşkilat olaraq biz də bu sahədə müəyyən qanunvericilik təşəbbüsləri ilə çıxış etmişik və inanırıq ki, təqdim etdiyimiz təkliflər müvafiq qurumlar tərəfindən nəzərdən keçiriləcək. Ümid edirik ki, bu təkliflər əsasında əlilliyi olan şəxslərin bərabər hüquqlarının daha effektiv təmin olunması istiqamətində əlavə addımlar atılacaq.
Sədr vurğulayıb ki, əlilliyi olan şəxslərə göstərilən diqqət əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb: Keçmiş illərlə müqayisədə bu gün əlilliyi olan şəxslərə göstərilən diqqətin əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Xüsusilə sosial müdafiə, məşğulluq, əlçatanlıq və ictimai xidmətlərə çıxış sahələrində irəliləyişlər nəzərə çarpır.
Cəmilə Abdulova qeyd edib ki, eşitmə və nitq məhdudiyyətli şəxslərlə bağlı sahədə müsbət dəyişikliklər artıq özünü göstərməkdədir: Bizim fəaliyyət istiqamətimiz əsasən eşitmə və nitq məhdudiyyətli şəxslərlə bağlı olduğu üçün bu sahədəki vəziyyəti daha yaxından izləyirik. Sevindirici haldır ki, illərdir qaldırdığımız məsələlər və verdiyimiz təkliflər artıq tədricən öz bəhrəsini verməkdədir. İnformasiya əlçatanlığının artırılması, işarə dili tərcüməsinin tətbiqinin genişlənməsi və inklüziv xidmətlərin inkişafı bu baxımdan mühüm əhəmiyyət daşıyır.
C.Abdulovanın sözlərinə görə, əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyası üçün maarifləndirmə və inklüzivliyin gücləndirilməsi vacib olaraq qalır: Bununla yanaşı, qarşıda duran vəzifələr hələ də qalmaqdadır. Xüsusilə maarifləndirmə işlərinin gücləndirilməsi, cəmiyyətin bu sahədə daha həssas yanaşmasının formalaşdırılması və əlilliyi olan şəxslərin bütün sahələrdə bərabər iştirakının təmin edilməsi vacibdir. Biz də Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi olaraq bu istiqamətdə fəaliyyətimizi davam etdirir, inklüziv və bərabər cəmiyyətin qurulmasına töhfə verməyə çalışırıq.
Fatimə Nəbiyeva






