Samsung Electronics America (SEA) ABŞ-də qərargahını Nyu-Cersi ştatından Texasa köçürməsi ilə əlaqədar yüzlərlə iş yerini ixtisar edib. Şirkətin açıqlamasına görə, bu proses çərçivəsində Nyu-Cersidə 739 vəzifə təsirlənib. Əməkdaşların əksəriyyətinə Texasa köçmək təklif edilsə də, bəziləri işdən çıxarılıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, Texasın Plano şəhərində yerləşən ofisdə də azı 100 əməkdaş, o cümlədən mobil bölmənin işçiləri ixtisar edilib.

Şirkət bildirib ki, qərargahın Texasa köçürülməsi komandalar arasında əməkdaşlığı gücləndirmək və fəaliyyətin daha səmərəli təşkilinə xidmət edir. Bununla yanaşı, Samsung vurğulayıb ki, istehlak məhsulları bölməsi üzrə hazırda qlobal restrukturizasiya həyata keçirilmir.

Mütəxəssislər qeyd edirlər ki, Samsung-un çip istehsalı bölməsi süni intellektə artan tələbat hesabına yüksək gəlir əldə etsə də, mobil telefon və digər istehlak elektronikası bölmələri artan çip xərcləri və güclü rəqabət səbəbindən çətinliklə üzləşib.