ABŞ-nin San-Fransisko şəhərində federal məhkəmə süni intellekt şirkəti Anthropic ilə müəlliflər arasında əldə olunmuş 1,5 milyard dollarlıq razılaşmanı yekun olaraq təsdiqləyib. Bu, ABŞ tarixində müəllif hüquqları ilə bağlı ən böyük məlum məhkəmə razılaşması hesab edilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, iddia 2024-cü ildə bir qrup müəllif tərəfindən qaldırılmışdı. Onlar Anthropic-i kitablarının pirat nüsxələrindən icazəsiz istifadə edərək Claude adlı süni intellekt modelini öyrətməkdə ittiham edirdilər.
Məhkəmə daha əvvəl süni intellektin kitablarla öyrədilməsini “ədalətli istifadə” hesab etsə də, şirkətin 7 milyondan çox pirat kitabı ayrıca bazada saxlamasını müəllif hüquqlarının pozulması kimi qiymətləndirmişdi. Razılaşma həmin məsələ üzrə mümkün uzunmüddətli məhkəmə prosesini başa çatdırıb.
Anthropic bildirib ki, razılaşma çərçivəsində hüquq sahiblərinin 91 faizindən çoxu artıq ödəniş almaq üçün müraciət edib. Bununla yanaşı, bəzi müəllif və nəşriyyatlar razılaşmadan imtina edərək şirkətə qarşı ayrıca məhkəmə iddialarını davam etdirirlər.






