Banqladeşdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar və qeyri-hökumət təşkilatları (QHT) Rohinca qaçqınlarının vəziyyətinin daha da ağırlaşdığı barədə xəbərdarlıq edərək beynəlxalq ictimaiyyəti maliyyə və humanitar dəstəyi gücləndirməyə çağırıblar.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, son günlər Myanmadan təhlükəli dəniz marşrutu ilə qaçmağa çalışan Rohinca qaçqınlarını daşıyan iki qayığın batdığı ehtimal edilir. Hadisə nəticəsində 500-dən çox insanın həlak olduğu ehtimalı araşdırılır. 

QHT.az xarici mediaya istinadən bildirir ki, humanitar təşkilatlar bildirirlər ki, Myanmarda davam edən zorakılıq, Banqladeşdəki qaçqın düşərgələrində maliyyə çatışmazlığı və əsas xidmətlərin məhdudlaşması minlərlə insanı həyatlarını riskə ataraq dəniz yolu ilə ölkəni tərk etməyə məcbur edir. Onların fikrincə, donor ölkələrin maliyyə dəstəyinin artırılması ərzaq, səhiyyə və təhsil proqramlarının davam etdirilməsi üçün həyati əhəmiyyət daşıyır. 

QHT-lər beynəlxalq ictimaiyyəti qaçqınların müdafiəsinin gücləndirilməsi, axtarış-xilasetmə əməliyyatlarının genişləndirilməsi və Rohinca böhranının uzunmüddətli həlli istiqamətində birgə addımlar atmağa çağırıblar.