Mikromaliyyə sektorunda yeni qaydaların tətbiqi bu sahədə fəaliyyət göstərən kiçik təşkilatlar üçün çətinliklər yarada və bazarda iri maliyyə qurumlarının mövqeyini gücləndirə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, inkişaf etməkdə olan ölkələrdə mikromaliyyə təşkilatlarına nəzarət artırılır. Ekspertlər hesab edirlər ki, daha sərt tələblər sektorun konsolidasiyasını sürətləndirəcək və kommersiya banklarının mikrokredit bazarına daxil olmasını asanlaşdıracaq.
Hindistanın Bihar ştatında qəbul edilən yeni qanuna əsasən, kredit üzrə tutulacaq ümumi faiz ilkin kredit məbləğini keçə bilməz. Bundan başqa, borcalanlara eyni vaxtda ikidən artıq mikromaliyyə təşkilatından kredit götürmək qadağan edilib.
Nigeriya Mərkəzi Bankı isə kifayət qədər kapital və aktivə malik olmadıqları səbəbindən 46 mikromaliyyə bankının lisenziyasını ləğv edib.
Keniyada müzakirə olunan yeni qanun layihəsi isə mikromaliyyə təşkilatları üçün minimum kapital, idarəetmə və hesabatlılıq tələblərinin sərtləşdirilməsini nəzərdə tutur.
Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər nəticəsində sektorda iri və maliyyə baxımından daha güclü şirkətlərin üstünlüyü artacaq.






