“Mən onsuz da tədbirlərə getmirəm. Amma elə tədbirlər var ki, mənim orda olmağım ilk növbədə təşkilatçılar üçün vacibdir”.
QHT.az xəbər verir ki, bu fikirləri Vətəndaşların Əmək hüquqlarını müdafiə liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov söyləyib.
Sahib Məmmədov bildirib ki, Bakıda “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın keçirildiyini eşidib. O, bu sahədə uzun illər ərzində gördüyü işlərdən danışıb.
S.Məmmədovun sözlərinə görə, bu istiqamətdə fəaliyyəti uzun illəri əhatə edir. O, son iştirak etdiyi tədbirlərdən də danışıb:
Mən isə onilliklərdir ki, bu sahədə onlarla hesabat hazırlamışam. Hesabatların BMT-nin veb səhifəsindədir. Elə bu günlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyasında iştirak etmişik.
Sahib Məmmədov bildirib ki, Komitənin sessiyası çərçivəsində bir sıra görüş və təqdimatlar keçirilib. O, bunun nəticəsini də qeyd edib:
Alternativ hesabatlarımız BMT-nin rəsmi veb səhifəsindədir. Gedib Komitə prezidenti və Komitə üzvləri üçün brifinq keçirmiş, bəyanatla çıxış etmişik, qeyri-formal görüşlər keçirmişik və nəhayət, nail olmuşuq ki, Komitə Ermənistanla bağlı 55 bənddən ibarət yekun sənəd qəbul edib.
S.Məmmədovun sözlərinə görə, bu nəticə dövlət qurumlarının fəaliyyəti ilə müqayisədə fərqli mənzərə ortaya qoyur. O, XİN-in fəaliyyətini də tənqid edib:
Buna heç bir dövlət qurumu nail ola bilməyib. XİN-in bu istiqamətdə fəaliyyəti zəifdir və indiyədək bir dənə də olsun BMT sənədini almağa nail ola bilməyiblər.
O vurğulayıb ki, rəhbərlik etdiyi QHT digər BMT mexanizmləri çərçivəsində də fəaliyyət göstərib. Həmin işlərdən birini belə qeyd edib:
BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinə verdiyimiz alternativ hesabatdan əlavə, bu il mənim rəhbərlik etdiyim QHT BMT-nin “Məhkəmədənkənar cəzalar üzrə” Xüsusi Məruzəçisinə “Azərbaycanda kütləvi məzar yerləri” adlı hesabat təqdim edib.
Sahib Məmmədov qeyd edib ki, bununla yanaşı, digər xüsusi mexanizmə də müraciət olunub:
BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Xüsusi Məruzəçisinə “Azərbaycanlı əsir və girovlarla bağlı hesabat” təqdim etmişik.
S.Məmmədov fəaliyyətlərinin geniş olduğunu vurğulayıb:
Yəni, onlarla belə fəaliyyətimiz var.












