Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, eks-deputat Əliməmməd Nuriyev söyləyib ki, onun rəhbərlik etdiyi qurum seçkilərdə müşahidəçi qismində iştirak etməyi düşünür:
“Exit-Poll” aparmaq barədə də fikirləşirik və bu məsələləri planlaşdırırıq. Hər şeydən əvvəl isə müşahidənin aparılması resurslara bağlı olan məsələdir. Çünki müşahidə və yaxud “Exit-Poll” aparılması üçün hər şeydən öncə resurslar lazımdır.
İlk növbədə, burada maliyyə resurslarından söhbət gedir. Əgər uğurla buna müvəffəq olsaq, müşahidələri keçirmək fikrimiz var. Çünki bu seçkilər Azərbaycanın ictimai-siyasi həyatında müstəsna dərəcədə əhəmiyyətli olan bir seçkidir.
İlk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən sonra onun bütün ərazisində seçki məntəqələri olacaq və seçkilər keçiriləcək. Eyni zamanda Azərbaycanda yaşayan ermənilər də bu seçkilərdə iştirak edəcəklər”.
Ə. Nuriyev qeyd edib ki, gələcək seçkilər çox önəmlidir:
“Xüsusilə də qarşıdakı illərdə coğrafiyamızda və dünyada baş verəcək yeni reallıqlar var ki, bu çağırışlara həm də uğurlu cavab verməyi təmin etmək üçün ölkəyə çox güclü bir Prezident lazımdır. Təbii ki, ölkə başçısı, cənab Prezident İlham Əliyev bu vəzifənin öhdəsindən uğurla gəlir. Dünən də eşitdik ki, Prezident yenidən namizədliyini irəli sürüb.
Hesab edirəm ki, belə önəmli olan ictimai-siyasi hadisədə vətəndaş cəmiyyəti qurumları da fəal şəkildə iştirak etməli və prosesin şəffaf aparılması üçün öz töhfələrini verməlidirlər. Bizim qurumda artıq ilkin hazırlıqlar var və müəyyən seçki məntəqələri üzrə dairələrimizi müəyyənləşdirməyə başlamışıq. Əlbəttə ki, müvafiq imkanlar yaranacaqsa, biz bu prosesə hazırlıq olmalıyıq. Bu hazırlıqlara da artıq başlamışıq. Ümid edirəm ki, iştirakımız uğurlu olacaq”.
Hüquqşünas onu da vurğulayıb ki, istənilən müşahidə və “Exit-Poll” həm də maarifçilik işini özündə ehtiva edir:
“Düşünürük ki, əhalinin seçkilərdə iştirakını təşviq etmək lazımdır ki, onlar gəlib öz səslərini versinlər. Çünki prezident seçkiləri Azərbaycan üçün tale məsələsidir. O cümlədən hər kəs bu qüruru yaşamalıdır ki, nəhayət, Azərbaycan dövləti bütün ərazisində seçki keçirir. Mənə görə, belə seçkidə iştirak etmək həm şərəfdir, həm də xalqımızın vəzifəsidir. Çünki indiki seçki təkcə hüquq deyil, həm də vəzifədir. Biz ölkənin taleyinə biganə qalmamalıyıq, eləcə də biz bu mühüm siyasi-ictimai prosesdə iştirak etməliyik”.
Onun sözlərinə görə, Azərbaycan öz bütövlüyünü bərpa etdi və dövlətimiz öz ərazisində seçkini həyata keçirir:
“Biz dünyaya da nümayiş etdirməliyik ki, xalqımızın iradəsi sarsılmazdır, dayanıqlıdır və davamedici bir iradədir. Bu iradə də ölkə başçısının seçilməsində də özünü göstərir. Bu seçkilərdə seçicilərin genişmiqyaslı iştirakı çox vacib məsələlərdəndir. Əminəm ki, seçicilərimiz hazırkı siyasi mənanı çox gözəl başa düşürlər və yaranmış bu narrativə öz iştirakları ilə töhfələrini verəcəklər”.
Rafi MÜSLÜMOV
https://yenisabah.az/vetendas-cemiyyetinin-secki-hazirligi-exit-poll-musahidecilik












