Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov QHT.az-a açıqlamasında ölkədə uşaq bağçalarının mövcud vəziyyəti və tələbatla bağlı ciddi problemlərə diqqət çəkib.
Onun sözlərinə görə, hazırda bağçaların statistikası dəqiq müəyyən edilməsə də, sayı təqribən 1676-1700 arasında dəyişir. Dövlət bağçalarının ümumi tutumu 119 min yer təşkil edir, lakin məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 110 min nəfərdir. Bu isə mövcud bağçaların real tələbatı ödəmədiyini göstərir:
"Bağçalara cəlb olunmayan, kənarda qalan uşaqların sayı kifayət qədərdir. Bağçalara qəbul məsələsi də valideynlərin ən çox narazılıq doğuran problelərimndəndir. Valideynlərin yer tələbatı və bölgələr üzrə qeyri-bərabər bölgü ilə bağlı şikayətləri çox olur. Yer məhdudiyyətindən əlavə, bağçalara qəbulda da əsasən maddi məsələlərlə bağlı çətinliklər yaranır. Bəzən dövlət bağçalarına qəbul özəl bağçalara qəbul qədər mürəkkəbləşir. Özəl bağçalara maraq böyükdür, lakin bu, hər bir valideynin imkanları çərçivəsində olmur."
İcraçı direktor bağçaların əlçatanlığının artırılması üçün bir sıra təkliflər də irəli sürüb:
-
Açıq və şəffaf onlayn qəbul sisteminin yaradılması,
-
Elektron bölgünün tələbata uyğun sistemləşdirilməsi,
-
Süni maneələrin aradan qaldırılması,
-
Yeni bağçaların tikintisinin sürətləndirilməsi – ildə 13-15 yox, 25-30 bağçanın tikilməsi və ya əsaslı təmiri,
-
Ehtiyac yarandıqda modul tipli bağçaların və icma mərkəzlərinin yaradılması,
-
Təhsil müəssisələrinin iş keyfiyyətinin artırılması, sağlamlıq, qidalanma və təhlükəsizlik standartlarının gücləndirilməsi,
-
Tərbiyəçi və texniki işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi.
Şahin Rəcəbov vurğulayıb ki, mövcud vəziyyətdə yerlərin təminat səviyyəsi uşaqların tələbatının yalnız 30-40 faizini qarşılayır:
"Mühüm hədəf bu göstəricini 60-75 faizə çatdırmaqdır. Bunun üçün ölkə üzrə bağça yerlərinin sayı ən azı 2-2,5 dəfə artırılmalıdır."
Pərvanə Fərhadqızı












