Müasir dövrdə də cəmiyyətimizin sağlam formalaşması, gənc nəslin milli ruhda tərbiyəsi üçün ailə, məktəb və ictimai institutların üzərinə mühüm vəzifələr düşür. Bu istiqamətdə QHT-lərin rolu xüsusilə önəmlidir. QHT.az olaraq “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva ilə milli-mənəvi dəyərlərin qorunması və gənclərin milli ruhda formalaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə söhbət etdik.
– Könül xanım hər vaxtınız xeyir. Milli-mənəvi dəyərlər mövzusu daim aktuallığını qoruyur. Sizcə, bu dəyərlərin qorunub saxlanması niyə bu qədər önəmlidir?
– Hər vaxtınız xeyir. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Milli dəyərləri olmayan millət həqiqi millət ola bilməz”. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasını təşkil edir. Doğrudan da, xalqımız əsrlər boyu bu dəyərləri yaşadaraq gələcək nəsillərə ötürüb. Onlar həm milli kimliyimizin formalaşmasında, həm də dövlətçiliyimizin möhkəmlənməsində xüsusi rol oynayır. Biz bu dəyərləri qorumaqla cəmiyyətimizi yad təsirlərdən sığortalayırıq.
– İctimai birlik olaraq bu istiqamətdə hansı layihələr həyata keçirirsiniz?
– Bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində qalib gəlmişik. Layihəmizin məqsədi uşaqlarımızın, yeniyetmələrimizin və gənclərimizin milli ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına dəstək olmaqdır. Tərtər və Bərdə rayonlarında ayrı-ayrı tədbirlər təşkil edəcəyik, həmçinin mövzu ilə bağlı yerli internet televiziyasında maarifləndirici verilişlər hazırlayacağıq. Əsas hədəfimiz məktəb-ailə münasibətlərini gücləndirmək, təlim-tərbiyə prosesində yaranan boşluqları aradan qaldırmaqdır.
– Ailə və məktəb amilini xüsusi vurğulayırsınız. Bunun səbəbi nədir?
– Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, gənc nəslin milli ruhda böyüməsi üçün əsas mənbə ailə və məktəbdir. Ədalət, humanizm, vətənpərvərlik, mərdlik, böyüklərə hörmət, əməksevərlik kimi dəyərlərin əsası məhz ailədə qoyulur. Sonradan bu dəyərlərin möhkəmlənməsində məktəb və cəmiyyətin rolu böyükdür. Təəssüf ki, bu gün bəzi gənclər arasında mənfi meyllər – narkomaniyaya aludəçilik, məktəblilərin siqaret çəkməsi, zorakılıq halları müşahidə olunur. Bunun qarşısını almaq üçün ailə və məktəb arasında sıx əməkdaşlıq vacibdir. Bizim layihəmiz də məhz bu körpünün qurulmasına xidmət edir.
– Sizcə, milli-mənəvi dəyərlərimizin təbliği bugünkü cəmiyyət üçün hansı üstünlüklər yaradır?
– Milli-mənəvi dəyərlər cəmiyyətimizi ayaqda saxlayan, ictimai həmrəyliyi təmin edən əsas sütunlardır. Bu sütunlar nə qədər güclü olsa, biz bir o qədər yad təsirlərdən qorunarıq. Azərbaycan həmişə milli-mənəvi və bəşəri dəyərlərə ehtiram göstərən bir məkan olub. Burada multikulturalizm və tolerantlıq ənənələri əsrlər boyu formalaşıb. Bu gün də bu ənənələrin davam etdirilməsi bizim gücümüzü artırır. Biz gənclərimizə milli irsi, milli mentaliteti ötürməliyik. Çünki gələcək nəsillərə təkcə maddi sərvət yox, həm də milli dəyərlər miras qalmalıdır.
– Son olaraq ictimaiyyətə hansı mesajı vermək istərdiniz?
– Mən hər kəsi milli-mənəvi dəyərlərin qorunmasında daha fəal olmağa çağırıram. Hər bir ailə, hər bir müəllim və vətəndaş bu məsuliyyəti dərk etməlidir. Çünki bu dəyərlər bizim milli varlığımızın, dövlətimizin sarsılmaz təməlidir. Ulu öndərin də dediyi kimi, biz milli dəyərlərimizi unutmamalı, daim yaşatmalı və ondan ruhlanmalıyıq.
Pərvanə Fərhadqızı
QHT.az












