“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin sədri və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova QHT.az-a açıqlamasında Azərbaycanda məktəbəqədər təhsilin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, məktəbəqədər təhsil uşağın sosial, intellektual inkişafında və şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Son illər bu sahədə əhəmiyyətli islahatlar aparılır, yeni qanun və standartlar qəbul edilir, uşaq bağçaları inşa və təmir olunur, həmçinin məktəbəqədər təhsilin alternativ formaları tətbiq edilir.
Kəmalə Aşumova bildirib ki, hazırda ölkədə 1825 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 1692-si dövlət bağçasıdır. Məktəbəqədər təhsil müəssisələrində oxuyan 126 mindən çox uşağın 121 mini dövlət bağçalarında tərbiyə alır. Buna baxmayaraq, hələ də paytaxt Bakıda və iri şəhərlərdə valideynlər boş yerlərin olmaması problemi ilə üzləşirlər:
"Dövlət bağçalarında yerlərin çatışmazlığı, infrastrukturun qeyri-bərabər paylanması, kadr çatışmazlığı və özəl bağçaların yüksək qiymətləri valideynlər üçün əsas çətinliklər olaraq qalır. Son illərdə bu istiqamətdə bir sıra addımlar atılıb:
-
Yeni uşaq bağçalarının inşası və mövcud müəssisələrin təmiri,
-
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilə bağça olmayan bölgələrdə uşaqlar üçün qrupların yaradılması,
-
Müsabiqə yolu ilə yüzlərlə yeni tərbiyəçinin işə cəlb olunması,
-
“Məktəbəqədər təhsil haqqında” Qanun və yeni dövlət standartlarının qəbul edilməsi".
Kəmalə Aşumova qeyd edib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin 1 yaşdan 6 yaşa qədər uşaqları əhatə etməsi müzakirə olunur. Bu isə əlavə resursların cəlb edilməsini və mövcud problemlərin sistemli şəkildə həllini zəruri edir.
Pərvanə Fərhadqızı












