“Birliyimizin adından da göründüyü kimi fəliyyətimiz sosial problemlərin həllinə yönəlib. Təşkilatın nəzdində olan 20-ə yaxın belə ailələr var ki, həmin ailələrə maddi və mənəvi dəstək oluruq”.

Bu sözləri "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT.az –a açıqlamasında qeyd edib. QHT sədri 2015-ci ildə İctimai Birlik təsis olunandan sonra Bakı və müxtəlif rayonlarımızda bu yönümlü müxtəlif xeyriyyə tədbirlər keçirdiklərini bildirib. Onun sözlərinə görə, ilk tədbir Xırdalan rayonunda olub və burada 100-dən çox aztəminatlı ailələrin uşaqlarına kiçik toy mərasimi təşkil edilib: “Abşeron rayonunda yaşayan bir aztəminatlı ailəni evlə təmin etmişik. Mütəmadi olaraq xüsusi bayramlarda aztəminatlı ailələri ziyarət edirik, onlara maddi və mənəvi dəstək oluruq. Abşeronda yaşayan Şəhid ailələrinə mütəmadi əlaqələrimiz var. Onların problemlərini həll etməyə çalışırıq. Təbii ki dövlətimiz onların qulluğunda durmağına baxmayaraq, biz də Vətəndaş Cəmiyyətinin bir üzvü olaraq yardımımızı əsirgəmirik”.

Təşkilatın ilk layihəsi narkomaniya ilə bağlı olduğunu bildirən Fatimə Hacıbəyli pis vərdişi olan insanları bu yoldan yayındırmağa çalışdıqlarını da qeyd edib: “Onları müxtəlif reabilitasiya Mərkəzlərinə yerləşdirmişik və bu işlə məşğul olan insanları ifşa etmişik. Bir neçə reabilitasiya mərkəzləri ilə çalışmışıq. Erkən nigahla bağlı layihəmiz də olub. Bu iki layihəni müxtəlif rayonlarda- Quba, İsmayıllı, Abşeron, Ağsuda keçirmişik. Pandemiya dövründə 3 ay Ağsu- Şamaxı- İsmayıllı zonasında orada yaşayan sakinlərlə həm maarifləndirmə işləri aparmışıq, həm də maddi dəstək göstərmişik”.

 

 

Pərvanə Fərhadqızı