Bu gün Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzində “Uşaq hüquqlarının müdafiəsi və yuvenal ədliyyə" mövzusunda təlim keçirilmişdir. Təlimdə Quba Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri üzrə Komissiyanın aparıcı məsləhətçisi Cavid Mustafayev,  Ombudsmanın Şimal Regional  Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev və “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli çıxış etmişlər.

QHT.az xəbər verir ki, təlim zamanı Quba şəhərində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinə yuvenal ədliyyə sistemində uşaqlara həssas yanaşma prinsipləri ilə bağlı beynəlxalq standartların və onların tətbiqi haqda biliklər aşılanıb.

Tədbirdə iştirak edən yerli QHT nümayəndələri, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, müavin Faiq Abdulalimov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Quba rayonu nümayəndəliyinin rəhbəri Yusif Möhbalayev, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin layihə idarəetməsi üzrə mütəxəssisi Əli Fərzəliyev, Ətraf Mühit Ekoloji Mərkəzi İctimai Birliyinin sədri Yusif Haciyev və Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin psixoloqu Röya Aydəmirova çıxış edərək, mövzu ilə bağlı dəyərli fikirlər səsləndiriblər.

Cari ili noyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı" layihəsi çərçivəsində "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi tərəfindən "Azərbaycanda Yuvenal Ədliyyə Sistemində İslahatlara Vətəndaş Cəmiyyətinin Dəstəyi" təşəbbüsü həyata keçirilməkdədir.