“Eşitmə məhdudiyyətli şəxslər ətrafı gözləri ilə eşidir. Biz də bunu düşünüb onlar üçün müxtəlif aktivitilər və gəzintilər təşkil edirik”.
Bu sözləri "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az-a açıqlamasında bildirib. Bütün kateqoriyadan olan eşitmə məhdudiyyətli cihazlı, koxlear implantı, tam eşitməyən, zəif eşidən şəxslərlə çalışdıqlarını bildirən QHT sədri balacalarımız üçün mollarda olan müxtəlif əyləncə mərkəzlərinin dəstəyi ilə əyləncələr təşkil etdiklərini də vurğulayıb. Onun sözlərinə görə, gənclərimiz üçün regionlara turlar da təşkil edirlər: “Turlara gənclərlə birgə valideyinlər də qatılır. Çox maraqlı və əyləncəli gəzintilərimiz keçir. Təşkilat olaraq unudulmaz səfərimiz Prezident Administrasiyasının dəstəyi ilə Şuşa şəhərinə təşkil etdiyimiz səfər oldu. Gənclərimiz təşkilatımızın “Səssisliyin səsi olaq!” şüarını mədəniyyət paytaxtı Şuşaya apardılar. Deyərdim ki, bu bizim təşkilatın ən “Şah” gəzintisi oldu”.
Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən dünyada hər 4 nəfərdən biri eşitmə məhdudiyyətlidir. Azərbaycanda isə eşitmə məhdudiyyətlilərin sayı 12360 nəfərdir. "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi tam eşitməyən, zəif eşidən, cihazlı və koxlear implantlı hər bir şəxsin hüququnu qorumaq üçün çalışır və onlar üçün atılan hər bir addımda yaxından iştirak etməyə hazırdır.
Pərvanə Fərhadqızı










