Ölkədə keçirilən prezident seçkiləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov QHT.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, ölkəmizdə mövcud olan ciddi ictimai fikrə, təsirə malik olan dairələrdə birmənalı yanaşma mövcuddur və yanaşma ondan ibarətdik ki, faktiki olaraq ciddi siyasi və ictimai dairələr arasında konsensus mövcudur: “Qarşıdan gələn prezident seçkilərində ali baş komandan İlham Əliyev qalib gəlməli, növbəti 7 il ərzində prezidentliyini davam etdirməlidir. Bunun fundamental səbəbləri var. Bu fundamental səbəblər ondan ibarətdir. Ali baş komandanın başçılığı ilə torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan dövləti uzun onilliklərin ağır problemini həll etmiş oldu. İlham Əliyevin siyasətinin effektivliyi göz qabağındadır. Ona görə də düşünürəm ki, ciddi siyasi və ictimai dairələrdə İlham Əliyevin prezident seçiləcəyi ilə bağlı hansısa suallar mövcud deyil”.
QHT sədri qeyd edib ki, aktiv ictimai siyasi mövqe QHT sektoru tərəfindən tətbiq edilməli, nümayiş etdirilməlidir. QHT-nin ictimai proseslərdə fəal iştirak edərək ölkədə həyata keçirilən idarəetmə siyasətinə dəstək verməli olduğunu da vurğulayan Elşad Məmmədov bildirib ki, biz QHT sektorunun ölkə ictimaiyyətinə təsir imkanlarının genişləndirilməsinə nail olmalıyıq: “Ölkəmiz kifayət qədər mürəkkəb beynəlxalq durumda yaşayır. Biz buna məhkumuq. Çünki biz dünya iqtisadiyyatının bir hissəsiyik. Biz istəsək də, istəməsək də bu proseslərdə iştirak edirik. Bu mürəkkəb beynəlxalq durumda ölkə prezidenti tərəfindən həyata keçirilən siyasət Azərbaycanı bir sabitlik adasına çevirmiş oldu. Ona görə də bütün ictimai aktiv qruplar ölkə prezidentinin əhatəsində birləşməli, bu beynəlxalq durumda ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində iştirak etməlidir. Kifayət qədər sosial yönümlü tədbirlər həyata keçirilməkdədir. Düşünürəm ki, növbədənkənar prezident seçkilərində müzəffər ali baş komandanın İlham Əliyevin namizədliyini dəstəkləməliyik. QHT sektorunun seçki prosesində fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Bu bütövlükdə ölkəmizin milli marağındadır və QHT sektoru dövlətçiliyin və prezidentin qorunmasına istiqamətlənmiş siyasəti dəstəkləməli və müdafiə etməlidir”.
Pərvanə Fərhadqızı










