Aprelin 15-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının iştirakı ilə QHT-lər üçün keçirilən “Etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması” mövzusunda vebinar təşkil olunub.

 

QHT.az xəbər verir ki, təlimdə Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev və “MG Consulting” MMC şirkətinin əməliyyatlar üzrə meneceri Lalə Adilova salamlama sözü ilə çıxış etmiş, “Şəffaflıq Azərbaycan” korrupsiyaya qarşı mübarizə üzrə ictimai birliyinin icraçı direktoru və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli təqdimatlar etmiş və korrupsiyaya qarşı mübarizə sahəsində ölkə qanunvericiliyinin tələbləri, korrupsiyaya qarşı mübarizə, dövlət işçilərində dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət işçilərinin əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və digər məsələlər haqqında ətraflı məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışlar.

 

Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyininin (USAİD) maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində keçirilib.

 

Tədbirin sonunda 27 iştirakçıya onlayn sertifikatlar təqdim olunmuşdur.