20 noyabr 2025-ci il tarixində Ağsu rayonunda, 21 noyabr tarixində isə İsmayıllı rayonunda “Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyinin sədri Natiq Əhmədovun təşəbbüsü ilə aztəminatlı ailələr, əlillər, şəhid ailələri və qazilərlə onların yaşadıqları ünvanlarda ardıcıl görüşlər keçirilib.
QHT.az xəbər verir ki, səfərlərin əsas məqsədi sosial həssas kateqoriyaya aid ailələrin həyat şəraiti ilə yaxından tanış olmaq, mövcud problemlərini dinləmək və onların ehtiyaclarına uyğun real dəstək mexanizmlərini müəyyənləşdirməkdən ibarət olmuşdur.
Ağsu və İsmayıllı rayonlarına təşkil edilən səfərlər zamanı ailələrlə fərdi görüşlər aparılmış, onların sosial vəziyyəti, yarana biləcək məişət və təminat çətinlikləri, habelə gündəlik ehtiyacları yerində öyrənilmişdir. Aztəminatlı ailələrə ilkin dəstək istiqamətləri üzrə məlumatlandırma aparılmış və yaxın dövrdə həyata keçiriləcək yardım proqramları barədə ətraflı məlumat verilmişdir.
Şəhid ailələri və qazilərlə keçirilən görüşlər xüsusi həssaslıqla aparılmış, onların sosial təminat, məişət, tibbi ehtiyaclar, eləcə də gündəlik qayğılarla bağlı müraciətləri qeydə alınmışdır. İctimai Birliyin sədri Natiq Əhmədov görüşlər zamanı qeyd etmişdir:
“Bu səfərlər bizim üçün sadəcə rəsmi bir fəaliyyət deyil, sosial məsuliyyət missiyamızın vacib hissəsidir. Hər bir ailənin problemi diqqətlə dinlənilir və bizim üçün önəmlidir. Məqsədimiz real və davamlı dəstək göstərməkdir.”
Natiq Əhmədov bildirib ki, “Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyi bundan sonra da bölgələrdə mütəmadi səfərlər keçirəcək, həssas qrupların ehtiyaclarına uyğun sosial layihələr həyata keçirəcək və bu ailələrin yanında olmağa davam edəcək.






