“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 14 iyun 2023-cü il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
QHT.az xəbər verir ki, Əsasnamə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilib.
Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası seçkiləri təşkil edib. Komissiyanın protokoluna əsasən, Şuraya üzvlərinin say həddi 13 nəfərdən ibarət təsdiq edilib. Dövlət Komitəsinə müraciətlər əsasında 178 nəfər səsvermədə iştirak etmək üçün qeydiyyata alınıb. Seçkidə 172 nümayəndə iştirak edib, 6 nəfər seçkiyə gəlməyib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü İradə Polad namizədlərdən biri idi. O, Qaçqınkom yanında ictimai şüraya üzv seçildi.
Pərvanə Fərhadqızı












