Azərbaycanda antibiotiklərin həkim resepti olmadan alınması və istifadəsi geniş yayılmış problemlərdən biridir. Bir çox hallarda insanlar həkim müayinəsindən keçmədən apteklərdən antibiotik alır və özbaşına müalicəyə başlayırlar. Hətta bəzi apteklərdə çalışan şəxslərin də müştərilərə həkim məsləhəti olmadan antibiotik tövsiyə etdiyi bildirilir. Halbuki bu preparatların nəzarətsiz istifadəsi sağlamlıq üçün ciddi risklər yarada bilər. Bu məsələ son günlər Şirvanda baş verən faciəvi hadisədən sonra yenidən gündəmə gəlib. Belə ki, antibiotik vurulduqdan sonra bir nəfər həyatını itirib. Qeyd edək ki, antibiotiklər yalnız həkim təyinatı ilə istifadə edilməli, reseptsiz satışı və özbaşına qəbulu isə ağır fəsadlara, hətta ölümə səbəb ola bilər.
Həkim-professor Adil Qeybulla məsələ ilə bağlı QHT.az-a açıqlamasında bildirib ki, antibiotiklərdən özbaşına istifadə etmək olmaz və bu preparatlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir:
"Dəfələrlə insanlara bildirilib ki, antibiotikdən özbaşına istifadə etmək olmaz. Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidir. Ümumiyyətlə, təcrübə göstərir ki, antibiotiklərə qarşı həssaslığın azalması insanların bu dərmanlardan həddən artıq və yersiz istifadə etməsi ilə bağlıdır".
Həkimin sözlərinə görə, antibiotiklərin nəzarətsiz istifadəsi ciddi fəsadlara səbəb olur:
"Ev şəraitində antibiotiklərin istifadəsi nəticəsində dəfələrlə anafilaktik şok, ölüm və digər ağırlaşma halları baş verib. Bəzi insanlar bu preparatlardan tamamilə yersiz istifadə edirlər. Məsələn, soyuqdəymə olduqda dərhal gedib antibiotik alırlar. Bu, əlbəttə ki, doğru deyil. Nəticədə çoxlu sayda faciə yaşanıb. Hesab edirəm ki, antibiotiklərin həkim təyinatı olmadan aptek şəbəkələrində satılması qadağan edilməlidir. Bizdə psixotrop dərmanlardan başqa, demək olar ki, bütün preparatlar reseptsiz satılır ki, bu da düzgün yanaşma deyil. İnsanlar həmin dərmanları almağa maddi imkana malik olduqları üçün təhlükəni nəzərə almırlar. Bu isə acı nəticələrlə yekunlaşa bilər. Həkimlərin dərman təyinatı ilə bağlı məsələlərdə çox ciddi korrektələrə ehtiyac var".
Fatimə Məmmədova






