“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Göygöl rayonunda yerli sakinlərlə keçirdiyi növbəti görüş müsbət qiymətləndirilir. Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov QHT.az-a açıqlamasında bildirib ki, bu cür görüşlər şirkətlərin cəmiyyətə və ətraf mühitə qarşı məsuliyyətli yanaşmasının göstəricisidir.

Onun sözlərinə görə, “AzerGold” QSC-nin Göygöl sakinləri ilə keçirdiyi görüş şirkətin etik dəyərlərə önəm verdiyini, cəmiyyətin və ətraf mühitin inkişafında maraqlı olduğunu, insanlara və yerli icmalara hörmətlə yanaşdığını nümayiş etdirir.

“Biznesin əldə etdiyi gəlirlərin müəyyən hissəsini fəaliyyət göstərdiyi ərazilərdə yerli icmaların inkişafına yönəltməsi müasir dünyada geniş tətbiq olunan korporativ sosial məsuliyyət təcrübəsidir. Ölkəmizdə bu yanaşma hələ geniş yayılmasa da, hasilat və sənaye şirkətlərinin belə təşəbbüsləri mənimsəməsi sevindirici haldır. Bu cür nümunələr daha da təşviq edilməlidir”, – deyə M.Hüseynov bildirib.

İctimai birlik sədri qeyd edib ki, hasilat və sənaye şirkətləri fəaliyyət göstərdikləri bölgələrdə yerli əhalinin sosial rifahının yüksəldilməsi üçün müxtəlif istiqamətlərdə layihələr həyata keçirə bilərlər. Onun fikrincə, ilk növbədə yerli sakinlərin məşğulluğuna üstünlük verilməsi, onların peşə bacarıqlarının artırılması üçün ixtisasartırma təlimlərinin təşkili regionlarda peşəkar kadr potensialının formalaşmasına mühüm töhfə verə bilər.

M.Hüseynovun sözlərinə görə, şirkətlər sosial infrastrukturun inkişafında da fəal iştirak etməlidirlər. Bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı və ya birbaşa investisiyalar hesabına su, qaz və elektrik xətlərinin yenilənməsi, təhsil, səhiyyə və idman obyektlərinin tikintisi və ya əsaslı təmiri həyata keçirilə bilər.

O, həmçinin kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsinin də vacibliyini vurğulayıb. Bildirib ki, yerli sahibkarlar üçün qrant və mikrokredit proqramlarının həyata keçirilməsi, yerli təchizat zəncirlərinin inkişaf etdirilməsi həm iqtisadi aktivliyi artıracaq, həm də regionlarda dayanıqlı məşğulluğun formalaşmasına xidmət edəcək.

Mirəli Hüseynov hesab edir ki, şirkətlərin yerli icmaların inkişafına dəstək verə biləcəyi istiqamətlər kifayət qədər genişdir.

“Əsas məsələ şirkətlərin bu istiqamətdə iradə nümayiş etdirməsi və sosial məsuliyyət hissi ilə fəaliyyət göstərməsidir. Yerli icmalarla davamlı dialoq və onların ehtiyaclarına uyğun layihələrin həyata keçirilməsi həm şirkətlər, həm də cəmiyyət üçün uzunmüddətli faydalar yaradır”, – deyə o əlavə edib.

Zəhra Ağayeva