Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, Sosial Xidmətlər Agentliyinin həyata keçirdiyi reabilitasiya proqramları əlilliyi olan şəxslərin sosial həyata inteqrasiyasında mühüm rol oynayır.

QHT.az xəbər verir ki, Z.Nuriyeva Sumqayıt Reabilitasiya Mərkəzinə infotur zamanı əldə etdiyi təəssüratları da bölüşüb.

Onun sözlərinə görə, mərkəzdə fəaliyyət göstərən emalatxanalarda əlilliyi olan şəxslərin hazırladığı əl işləri reabilitasiya prosesinin uğurlu nəticələrini açıq şəkildə nümayiş etdirir.

“Vaxtilə evdən çıxmayan insanlar bu gün cəmiyyətə fayda verən, öz bacarıqlarını nümayiş etdirən fərdlərə çevriliblər. Bu, reabilitasiya xidmətlərinin real nəticəsidir”, – deyə o qeyd edib.

Z.Nuriyeva bildirib ki, Sumqayıt Reabilitasiya Mərkəzində nitq və eşitmə məhdudiyyətli şəxslər üçün videoəlaqə vasitəsilə xidmətlərin təşkili də mühüm yeniliklərdən biridir. Onun sözlərinə görə, bu yanaşma həmin şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığını daha da artırır.

İctimai Şura üzvü qeyd edib ki, Agentlik tərəfindən göstərilən xidmətlərin 36,16 mini ambulator, 17,12 mini isə stasionar, icma əsaslı, səyyar və onlayn sosial-psixoloji reabilitasiya xidmətlərindən ibarət olub.

Bununla yanaşı, reabilitasiya mərkəzlərində yoqa məşğələləri, müxtəlif ekskursiyalar, o cümlədən Qobustana təşkil olunan səfərlər və digər asudə vaxt proqramları da həyata keçirilir.

“Bu tədbirlər insanların yalnız sağlamlığının deyil, həm də sosial aktivliyinin və psixoloji rahatlığının güclənməsinə xidmət edir. Xüsusi insanların həyata bağlanması və özünəinamının artması baxımından bu layihələr olduqca əhəmiyyətlidir”, – deyə Z.Nuriyeva bildirib.

O, şəxsi müşahidələrinə əsaslanaraq ətrafında çoxlu əlilliyi olan insanların yaşadığını və onların yaradılan şəraitdən məmnun olduqlarını vurğulayıb.

“Onlar Sosial Xidmətlər Agentliyinə minnətdarlıqlarını ifadə edirlər. Elektron növbə sistemi vasitəsilə rahat şəkildə xidmət alırlar. Reabilitasiya mərkəzlərinin kollektivləri ilə vətəndaşlar arasında qarşılıqlı hörmət və səmimi münasibətlər formalaşıb”, – deyə o qeyd edib.

Sonda Z.Nuriyeva dövlətin həssas əhali qrupları üçün yaratdığı imkanlara görə təşəkkürünü bildirib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sosial Xidmətlər Agentliyinin və bütün reabilitasiya mərkəzlərinin kollektivinə minnətdarlığını ifadə edib.

O, əlilliyi olan şəxslərə də müraciət edərək ruhdan düşməməyi, öz üzərlərində çalışmağı və sosial həyatda daha fəal olmağı tövsiyə edib.

Zəhra Ağayeva