“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Göygöl rayonunda yerli sakinlərlə keçirdiyi görüş müsbət qiymətləndirilir. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, bu cür təşəbbüslər həm vətəndaşların problemlərinin öyrənilməsi, həm də regionların sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, son dövrlərdə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müxtəlif tədbirlərdə iştirak etmək imkanı olub və bu tədbirlər zamanı rayon rəhbərliyinin vətəndaşlara diqqət və qayğı ilə yanaşdığını müşahidə edib.

“Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, Göygöl Rayon İcra Hakimiyyətində vətəndaşlarla işləməyə xüsusi həssaslıq göstərilir, müxtəlif layihələr müzakirə olunur və yüksək səviyyəli tədbirlər həyata keçirilir. Bu baxımdan ‘AzerGold’ QSC-nin rayon sakinləri ilə görüşü də çox müsbət və əhəmiyyətli təşəbbüsdür”, – deyə İ.Rizazadə bildirib.

İctimai birlik sədri qeyd edib ki, belə görüşlər yerli əhalinin məşğulluğunun artırılması və sosial rifahının yaxşılaşdırılması üçün yeni imkanlar yaradır.

“Bu cür əməkdaşlıqlar nəticəsində insanların işlə təmin olunmasına şərait yaranacaq. Müxtəlif peşə sahibləri və fəhlə qüvvəsi üçün yeni iş imkanlarının açılması vətəndaşların sosial rifahının yüksəlməsinə dəstək verəcək”, – deyə o vurğulayıb.

İ.Rizazadə hesab edir ki, iri şirkətlərin yerli icmalarla müntəzəm görüşlər keçirməsi onların bölgələrdə mövcud problemləri daha yaxından öyrənməsinə imkan verir. Onun fikrincə, bu prosesdə dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətinin nümayəndələrinin də iştirakı xüsusi əhəmiyyət daşıyır.

“Çox yaxşı olardı ki, bu cür görüşlərdə icra hakimiyyətləri və şirkətlərlə yanaşı vətəndaş cəmiyyəti institutları da fəal iştirak etsin. Bu, həm problemlərin daha dolğun müzakirəsinə, həm də qəbul olunan qərarların daha səmərəli olmasına töhfə verər”, – deyə o bildirib.

İ.Rizazadə əlavə edib ki, işə qəbul prosesində peşəkar mütəxəssislərlə yanaşı müxtəlif sahələr üzrə işçi qüvvəsinə də ehtiyac yaranır və bu baxımdan belə təşəbbüslər regionlarda məşğulluğun artırılması üçün mühüm imkanlar açır.

Sonda o, “AzerGold” QSC-nin Göygöl sakinləri ilə keçirdiyi görüşü, eləcə də Göygöl Rayon İcra Hakimiyyətinin bu istiqamətdə göstərdiyi təşəbbüsü vətəndaş cəmiyyətinin nümayəndəsi kimi dəstəklədiyini və alqışladığını bildirib.

Zəhra Ağayeva