Araşdırmalar göstərir ki, bəzən özümüzlə zarafat etmək faydalıdır, lakin hər zaman deyil. Əsas məsələ bunun müsbət tərəflərindən yararlanmaq və mənfi təsirlərindən qaçmaqdır.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, 1990-cı illərdə psixoloqlar yaşıdları tərəfindən kənarlaşdırılan uşaqları araşdırarkən iki qrupu müəyyən ediblər: aqressiv və itaətkar uşaqlar. Onların ortaq cəhəti isə zarafatı təhqir kimi qəbul etmələri idi. Sosial baxımdan daha özünə güvənən uşaqlar isə bu cür sataşmaları ya vecinə almır, ya da onlara gülə bilirdilər. Bu da göstərir ki, insanın özünə gülə bilməsi erkən yaşlardan mühüm sosial bacarıqdır.

Son illərdə alimlər özünə yönəlmiş yumorun əsl mahiyyətini araşdırırlar. ABŞ-li yumor tədqiqatçısı Pol MakQi hesab edir ki, insanın özünə gülə bilməsi ən çətin yumor növlərindən biridir və daha şən həyatın əsas elementlərindəndir. Tədqiqatçı Haynts isə bildirir ki, insan özünü həddindən artıq ciddi qəbul etdikdə yumordan zövq alması çətinləşir.

Hayntsın araşdırması göstərib ki, özü ilə zarafat edən insanların psixoloji problemləri daha çox olmur. Əksinə, bu cür yumor daha yüksək özünəhörmət və daha sağlam sosial münasibətlərlə əlaqəlidir.

Mütəxəssislər vurğulayırlar ki, insan yalnız barışdığı qüsurları haqqında zarafat etməlidir. Əgər zarafat hələ də narahatlıq doğuran mövzudan qaynaqlanırsa, bu həm insanın özü, həm də ətrafdakılar üçün narahatlıq yarada bilər. Bundan başqa, özünə yönəlmiş yumorda həddi aşmamaq da vacibdir. Ekspertlərin fikrincə, sağlam özünəgülmə ilə insanın özünü alçaltması arasındakı əsas fərq məhz ölçünü qorumaqdır.

Zəhra Mansırova