Salyanda “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaq” layihəsi çərçivəsində tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru, İctimaiŞura.az platformalarının rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, “Kür-Xəzər” Qeyri-Hökumət Təşkilatları Cəmiyyətinin rəhbəri Akif müəllimin təklifi ilə layihədə ekspert kimi iştirak etməkdən məmnun olub. O, Salyanın onun üçün doğma olduğunu və burada keçirilən tədbirlərdə yerli əhalinin, eləcə də dövlət qurumlarının dəstəyini hiss etdiklərini qeyd edib.

C.Hüseynzadə layihənin əsas məqsədinin adət-ənənələrə sadiqliyi qorumaq və israfçılığın qarşısını almaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, xüsusilə toy və yas mərasimlərində israfçılıq cəmiyyəti narahat edən məsələlərdəndir.

O bildirib ki, QHT-lərin əsas funksiyalarından biri cəmiyyətdən gələn təşəbbüsləri ictimaiyyət arasında təbliğ etmək və sosial problemlərin həllinə töhfə verməkdir. C.Hüseynzadə qeyd edib ki, bu istiqamətdə irəli sürülən təşəbbüslər mediada və sosial şəbəkələrdə geniş müzakirə olunub və müxtəlif QHT təşəbbüslərinin yaranmasına səbəb olub.

Onun sözlərinə görə, israfçılığın qarşısının alınması yalnız dövlət qurumlarının deyil, ziyalıların, din xadimlərinin, müəllimlərin, bələdiyyələrin və bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyətdir. O, bu məsələdə QHT-lərin maarifləndirici fəaliyyətinin və dövlət qurumlarının ictimai müzakirələr üçün yaratdığı imkanların vacibliyini vurğulayıb.

C.Hüseynzadə yas mərasimlərində ehsan verilməsinin əleyhinə olmadıqlarını, əsas məqsədin mərasimlərin ziyafət xarakteri almasının və israfçılığın qarşısının alınması olduğunu bildirib. Onun sözlərinə görə, əvvəllər yas mərasimləri daha çox insanların bir araya gəlməsi, dini ayinlərin icrası və yas sahibinə mənəvi dəstək göstərilməsi məqsədi daşıyıb. Hazırda isə bəzi mərasimlərdə ehsanların həddindən artıq təmtəraqlı keçirilməsi müşahidə olunur.

O vurğulayıb ki, imkanları məhdud ailələr bəzən cəmiyyətin formalaşdırdığı gözləntilər səbəbindən borca düşərək dəbdəbəli ehsan verməyə məcbur qalırlar. C.Hüseynzadə imkanlı şəxslərin sadə yas mərasimləri keçirməklə cəmiyyətə nümunə ola biləcəyini qeyd edib.

C.Hüseynzadə toy mərasimlərindəki israfçılığın da ciddi problem olduğunu bildirib. O, süfrələrdə həddindən artıq çox yeməyin təqdim edilməsini həm maliyyə itkisi, həm də sağlamlıq və ətraf mühit baxımından mənfi hal kimi qiymətləndirib. Onun sözlərinə görə, məclislərdə təqdim olunan qidaların əhəmiyyətli hissəsi istehlak edilmir və nəticədə qida tullantıları yaranır.

O qeyd edib ki, toy və yas mərasimlərində yaranan israfçılıq ətraf mühitə də zərər vurur. Artıq qida, plastik qablar və digər tullantılar ekoloji problemləri artırır. C.Hüseynzadə bu baxımdan israfçılığa qarşı mübarizənin yalnız iqtisadi deyil, həm də ekoloji və sosial əhəmiyyət daşıdığını vurğulayıb.

C.Hüseynzadə son illərdə formalaşan dəbdəbəli toy ənənələrinin ailələr üçün ciddi maliyyə yükü yaratdığını və bunun sosial problemlərə təsir göstərə biləcəyini bildirib. O, böyük toyların ailələri borclandırdığını, insanların isə sosial müqayisə nəticəsində daha bahalı mərasimlər keçirməyə çalışdığını qeyd edib.

Onun sözlərinə görə, toy mərasimlərində böyük məbləğdə vəsait dövr etsə də, bu vəsaitin əsas hissəsi yeni ailələrə deyil, şadlıq sarayları, müğənnilər, aparıcılar və digər xidmət sahələrinə yönəlir. C.Hüseynzadə cəmiyyətin bu ənənələrə yenidən nəzər salmasının vacibliyini vurğulayıb.

O bildirib ki, təşəbbüs dövlət sifarişi deyil, əhalidən gələn sosial sifariş əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihəni dəstəklədiyini və təşəbbüsün üç bölgədə həyata keçirilməsinə şərait yaradıldığını qeyd edib.

C.Hüseynzadə din xadimlərinin də israfçılığın qarşısının alınmasında mühüm maarifləndirici rol oynaya biləcəyini bildirib. Onun sözlərinə görə, cəmiyyətdə nümunəvi davranışların təşviqi və sadə mərasimlərin təbliği bu problemin həllinə töhfə verə bilər.

O, toy mərasimlərində milli atributların, Azərbaycan və Türkiyə bayraqlarının, himnin yer almasını müsbət hal kimi qiymətləndirib. Bununla yanaşı, milli dəyərlərin qorunması ilə yanaşı, israfçılıqdan da uzaqlaşmağın vacibliyini vurğulayıb.

C.Hüseynzadə bildirib ki, əsas məqsəd insanları ağır maliyyə yükündən azad etmək, mərasimləri daha sadə və mənəvi məzmunlu formaya qaytarmaqdır. O, vətəndaş cəmiyyətinin bu istiqamətdə maarifləndirmə işlərini davam etdirməsinin vacibliyini qeyd edib.