Beynəlxalq qeyri-hökumət təşkilatları qlobal humanitar yardım sistemində maliyyə çatışmazlığının dərinləşməsi ilə bağlı xəbərdarlıq edir. UNICEF-in 2026-cı il üzrə təhlilinə görə, ehtiyacı olan insanların sayı artdığı halda ənənəvi donorların maliyyə dəstəyi əhəmiyyətli dərəcədə azalıb. Təşkilat qlobal inkişaf yardımının 2025-ci ildə 9–17 faiz azalmasının mümkün olduğunu və gələcək maliyyələşmənin də qeyri-müəyyən qaldığını bildirir.
QHT.az xarici mediaya istinadən bildirir ki, böhranı xüsusilə münaqişələr, təbii fəlakətlər və yoxsulluqdan əziyyət çəkən ölkələrdə fəaliyyət göstərən QHT-lərin imkanlarını məhdudlaşdırır. UNICEF xəbərdarlıq edir ki, vətəndaş cəmiyyətinin fəaliyyət sahəsinin daralması və təşkilatların xidmət göstərmək imkanlarının zəifləməsi həssas qruplar, xüsusilə uşaqlar üçün ciddi nəticələr yarada bilər.
Maliyyələşmədəki azalma artıq beynəlxalq humanitar qurumların büdcələrinə də təsir göstərir. Məsələn, Reuters-in avqustun 28-də yaydığı məlumata görə, UNHCR 2027-ci il büdcəsini 16 faiz azaltmağı və işçi sayını təxminən 3 500 nəfər azaltmağı planlaşdırır. Bu vəziyyət dünyada məcburi köçkünlərin sayının artdığı bir dövrdə humanitar yardımın gələcəyi ilə bağlı narahatlıqları artırır.
QHT-lər hesab edir ki, donorların maliyyə öhdəliklərini azaltması humanitar böhranların nəticələrinin daha da ağırlaşmasına səbəb ola bilər. Ekspertlər beynəlxalq yardım sisteminin yalnız böyük donor dövlətlərdən asılılığının azaldılmasını və yerli QHT-lərin maliyyələşdirilməsinə daha çox diqqət yetirilməsini vacib sayırlar.












