Məktəbə hazırlıq alış-verişi davam edərkən mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq ağır məktəb çantaları uşaqların onurğa və çiyinlərinə zərər verə bilər. Kitablar, elektron cihazlar, idman geyimləri və digər ləvazimatlar çantaların çəkisini artıraraq uşaqlar üçün əlavə yük yaradır.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, Amerika Pediatriya Akademiyasına görə, uşağın çantanın ağırlığına görə önə əyilməsi, yeriməkdə çətinlik çəkməsi və ya qayışların çiyinlərə batması çantanın həddindən artıq ağır olduğunun əsas əlamətləridir. Akademiyanın mütəxəssisi doktor Sadika Kendi bildirir ki, ağır çanta ilə yıxılmaq xəsarətlərin daha ciddi olmasına səbəb ola bilər.
Mütəxəssislər çantanın mümkün qədər yüngül saxlanılmasını, iki enli və yumşaq qayışlı modellərə üstünlük verilməsini tövsiyə edirlər. Qayışlar çantanı bədənə yaxın saxlamalı, bel kəməri isə ağırlığın bərabər paylanmasına kömək etməlidir.
Təkərli çantalar bəzi uşaqlar üçün uyğun seçim olsa da, pilləkənli və ya sıx dəhlizli məktəblərdə büdrəmə riski yarada bilər. Mütəxəssislər həmçinin valideynlərə çantalarda lazımsız şəxsi əşyaların daşınmamasına diqqət yetirməyi məsləhət görürlər.
Zəhra Mansırova












