Böyük Britaniyanın tropik meşələrin qorunmasına yönəlmiş Tropical Forest Forever Facility (TFFF) fonduna investisiya yatıracağını açıqlaması gözlənilir. Bu qərarın ölkədəki siyasi və iqtisadi təzyiqlər səbəbindən yaranan gecikmələrdən sonra veriləcəyi bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, TFFF tropik meşələrini qoruyan və ya genişləndirən ölkələri maliyyələşdirmək məqsədi daşıyır. Fond ötən il COP30-da Braziliya tərəfindən gündəmə gətirilib və onun hazırlanmasında Böyük Britaniya da mühüm rol oynayıb.

Hazırda fonda 6,7 milyard dollar həcmində maliyyə vədi verilib. Norveç 3 milyard dollar dəstəyi 2026-cı ilin sonuna qədər fonda ən azı 10 milyard dollar vəd edilməsindən asılı edib.

Fond üçün Almaniya 1 milyard avro, Braziliya və İndoneziya 1 milyard dollar, Fransa isə 570 milyon dollar ayıracağını açıqlayıb. Böyük Britaniyanın yeni investisiya vədi TFFF-nin maliyyə hədəfinə çatmasına mühüm töhfə verə bilər.