ABŞ-ın süni intellekt şirkəti OpenAI 2025-ci ildə fəaliyyətini genişləndirmək və bazardakı mövqeyini gücləndirmək məqsədilə 34 milyard dollar xərcləyib.

QHT.az xarici mediaya istinadən xəbər verir ki,“Financial Times” qəzetinin məlumatına görə, audit olunmuş maliyyə sənədləri şirkətin ötən il xüsusilə tədqiqat və inkişaf sahəsinə böyük vəsait ayırdığını göstərir.

Məlumata əsasən, OpenAI 2025-ci ildə təxminən 19 milyard dolları tədqiqat və inkişaf (R&D) işlərinə sərf edib. Şirkətin satış və marketinq xərcləri isə 6 milyard dollara yaxın olub. Ümumi xərclərə digər əməliyyat məsrəfləri də daxildir.

Bildirilir ki, bu böyük investisiyalar OpenAI-nin sürətlə böyüyən süni intellekt bazarında liderliyini qorumaq və planlaşdırılan ilkin kütləvi səhm təklifi (IPO) öncəsi mövqeyini möhkəmləndirmək strategiyasının tərkib hissəsidir.

OpenAI-nin əsas məhsullarından biri olan ChatGPT son illərdə süni intellekt texnologiyalarına marağın artmasında mühüm rol oynayıb.