Böyük Britaniya hökumətinin 16 yaşdan kiçik şəxslər üçün sosial media qadağası tətbiq edəcəyini açıqlamasından sonra yeni qaydaların əhatə dairəsi ilə bağlı bir sıra suallar gündəmdə qalır.
QHT.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, hökumət hələlik qadağanın hansı platformalara şamil ediləcəyini tam açıqlamayıb. Hazırda TikTok, Instagram, Facebook, X, YouTube və Snapchat platformalarının məhdudiyyətlərə daxil ediləcəyi bildirilib.
Qeyd olunur ki, yeni qaydalar böyük ölçüdə Avstraliya modelinə əsaslanacaq. Avstraliyada isə Reddit, Threads, Twitch və Kick kimi platformalar da yeniyetmələr üçün qadağan olunub.
Müzakirə olunan əsas məsələlərdən biri də uşaqlar arasında geniş populyarlıq qazanan Roblox platformasının qadağaya daxil edilib-edilməyəcəyidir. Esseks Universitetinin internet hüququ professoru Lorna Vudsun sözlərinə görə, Böyük Britaniya Avstraliya yanaşmasını tam tətbiq edərsə, oyun platformaları qadağadan kənarda qala bilər.
Bununla belə, Roblox və digər oxşar platformalar qadağan edilməsə belə, yeni təhlükəsizlik tələblərinə əməl etməli olacaqlar. Hökumətin açıqladığı qaydalara əsasən, platformalar uşaqlarla tanımadıqları şəxslər arasında ünsiyyətə imkan yaradan funksiyaları məhdudlaşdırmalı və ya deaktiv etməlidirlər.
Bundan başqa, VPN xidmətlərindən istifadə, sosial media üçün mümkün komendant saatı, sonsuz lent (infinite scroll) funksiyası və süni intellekt əsaslı çatbotlarla bağlı əlavə məhdudiyyətlərin tətbiqi məsələləri də açıq qalır.
Böyük Britaniya hökumətinin iyul ayında bu məsələlərlə bağlı daha ətraflı məlumat təqdim edəcəyi gözlənilir.






