ABŞ-ın Florida ştatının baş prokuroru James Uthmeier TikTok-u uşaqların sosial media istifadəsini məhdudlaşdıran ştat qanununu pozmaqda ittiham edərək məhkəməyə verib.
QHT.az xarici mediaya istinadən bildirir ki, iddia ərizəsinə əsasən, TikTok 14 yaşdan kiçik uşaqların platformada hesab yaratmasına icazə verir və azyaşlıların zorakılıq və ya seksual məzmunla qarşılaşma riski barədə valideynləri yanlış məlumatlandırır.
Florida qanunvericiliyinə görə, 14 yaşdan aşağı uşaqların sosial media platformalarında hesab açması qadağandır. Ştat rəsmiləri TikTok-un bu tələblərə əməl etmədiyini bildirirlər.
Baş prokuror Ceyms Utmeyer şirkəti uşaqların təhlükəsizliyindən daha çox mənfəəti ön planda tutmaqda günahlandıraraq, məhkəmədən TikTok-un fəaliyyətində dəyişikliklər edilməsini və maliyyə təzminatı tələb edib.
TikTok isə açıqlamasında bildirib ki, şirkət Florida hakimiyyəti ilə əməkdaşlıq edir və ştatda 14 yaşdan kiçik istifadəçilərin hesablarının dayandırılması istiqamətində addımlar atır. Şirkət həmçinin azyaşlıların təhlükəsizliyinin təmin olunması sahəsində güclü təcrübəyə malik olduğunu vurğulayıb.
Qeyd edək ki, TikTok ABŞ-da gənc istifadəçilərə mənfi təsiri ilə bağlı müxtəlif ştatların baş prokurorları tərəfindən açılmış onlarla məhkəmə iddiası ilə üz-üzədir. Bundan əlavə, Meta Platforms və digər sosial media şirkətləri də yeniyetmələrin psixi sağlamlığına təsirləri ilə bağlı çoxsaylı iddialarla qarşılaşıblar.






