Dünya Bankı kreditlərinin 45 faizinin iqlim layihələrinə yönəldilməsi ilə bağlı hədəfi aradan qaldırmağı nəzərdən keçirir. Bu addımın bankın ən böyük səhmdarı olan ABŞ-nin təzyiqi ilə gündəmə gəldiyi bildirilir. İyunun 30-da son tarix yaxınlaşdığı üçün tərəflər ya bu hədəfin zəiflədilməsi, ya da mövcud iqlim strategiyasının tam dayandırılması variantlarını müzakirə edirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Dünya Bankının İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı (CCAP) yaxın günlərdə başa çata bilər. 2021-ci ildə qəbul edilən və 2025-ci ildə bitməsi planlaşdırılan sənəd bir il müddətinə uzadılmışdı. CCAP bankın iqlim layihələrinə maliyyə ayırmasını, Paris İqlim Sazişinin məqsədlərinə uyğun fəaliyyət göstərməsini və iqlimə zərər verən layihələrdən yayınmasını təmin edən əsas çərçivə hesab olunur.
Ekspertlər bildirirlər ki, planın ləğvi Dünya Bankının iqlim maliyyəsi üzrə öhdəliklərini zəiflədə bilər. Bu halda bankın iqlim layihələrinə ayıracağı vəsaitlə bağlı konkret hədəf də aradan qalxa bilər.
Məlumata görə, ABŞ son aylarda Dünya Bankının iqlim siyasətinin yumşaldılması üçün təzyiqlər göstərib. Bəzi rəsmilər və ekspertlər Vaşinqtonun danışıqlara kompromis əldə etmək niyyəti ilə yanaşmadığını bildiriblər.
Qərarın Dünya Bankının gələcək iqlim siyasətinə və qlobal iqlim maliyyələşməsinə ciddi təsir göstərə biləcəyi qeyd olunur. Tərəflər iyunun 30-dək planın davam etdirilməsi və ya yeni yanaşmanın hazırlanması barədə qərar verməlidirlər.






