Yay aylarında isti hava səbəbindən ayaq və topuqlarda şişkinlik tez-tez müşahidə olunur. Lakin mütəxəssislər uzun müddət davam edən və xüsusilə hər iki ayaqda yaranan şişkinliyin ciddi xəstəliklərin əlaməti ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Trakya Universiteti Tibb Fakültəsinin Kardiologiya kafedrasının müdiri, professor Dr. Sərvət Altayın sözlərinə görə, hər iki ayaqda yaranan, gün ərzində artan və barmaqla basdıqda çökəklik əmələ gətirən ödem ürək çatışmazlığı ilə əlaqəli ola bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, ürək çatışmazlığı həmişə nəfəs darlığı ilə özünü göstərmir. Xüsusilə sağ ürək çatışmazlığında ayaqlarda ödem və qarında şişkinlik daha qabarıq ola bilər.
Ayaqlardakı şişkinliyin səbəbi yalnız ürək xəstəlikləri deyil. Böyrək və qaraciyər problemləri, qalxanabənzər vəz xəstəlikləri, venoz və limfa dövranı pozğunluqları, bəzi dərmanlar və artıq çəki də ödemə səbəb ola bilər.
Həkim qeyd edib ki, birtərəfli şişkinlik daha çox damar və limfa sistemi ilə bağlı problemlərə, ikitərəfli ödem isə ürək, böyrək, qaraciyər və hormonal xəstəliklər kimi sistemik problemlərə işarə edə bilər.
Ayaq şişkinliyi nəfəs darlığı, sinə ağrısı, ürəkdöyünmə və ya huşun itirilməsi ilə müşayiət olunarsa, təcili tibbi yardım almaq vacibdir. Xüsusilə birtərəfli şişkinlik, ağrı və qızartı damar daxilində laxtalanma ehtimalını göstərə bilər.
Mütəxəssislər uzunmüddətli və təkrarlanan ayaq şişkinliyinin isti hava ilə əlaqələndirilərək diqqətdən kənarda saxlanılmamasını və səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət edilməsini tövsiyə edirlər.












