İtaliya hökuməti Aralıq dənizində miqrantların xilas edilməsində iştirak edən Almaniyanın Sea-Watch QHT-sinə məxsus “Sea-Watch 5” gəmisini 45 gün müddətinə saxlayıb və təşkilatı 7 500 avro cərimələyib.
QHT.az xəbər verir ki, qərar gəminin avqustun 13-də beynəlxalq sularda 6 nəfəri xilas etməsindən sonra qəbul edilib. İtaliya tərəfi QHT-ni xilasetmə əməliyyatı barədə Liviya hakimiyyətinə lazımi məlumat verməməkdə və dənizdə xilasetmə qaydalarını pozmaqda ittiham edib.
Sea-Watch isə ittihamları qəbul etmir. Təşkilat bildirib ki, Liviya sahil mühafizəsi ilə radio əlaqəsi olub və onların xilasetmə əməliyyatından sonra silahlı şəxslər tərəfindən təhdid edildiyini açıqlayıb. QHT həmçinin Liviya qurumları ilə əməkdaşlığın təhlükəsiz olmadığını müdafiə edir.
Hadisə İtaliya hökuməti ilə Aralıq dənizində fəaliyyət göstərən humanitar QHT-lər arasında miqrantların xilas edilməsi ilə bağlı uzun müddətdir davam edən mübahisəni daha da kəskinləşdirib.












