Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər cəmiyyətdə geniş müzakirə olunur. Məsələ ilə bağlı QHT.az-a danışan “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova bildirib ki, bu dəyişiklik uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin artırılmasına yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, sosial şəbəkələr uşaqlara ünsiyyət, öyrənmə və yaradıcılıq imkanları təqdim etsə də, onların psixoloji inkişafına mənfi təsir göstərə biləcək risklər də yaradır.
“Erkən yaşlarda sosial şəbəkələrdən intensiv istifadə diqqət dağınıqlığına, yuxu pozuntularına, özünəinamın zəifləməsinə, kiberzorakılığa məruz qalma riskinin artmasına, eləcə də digər insanlarla müqayisə nəticəsində narahatlıq və depressiv əlamətlərin yaranmasına səbəb ola bilər. Bu baxımdan yaş məhdudiyyəti uşaqların emosional və psixoloji sağlamlığının qorunmasına müəyyən töhfə verə bilər”, – deyə Nailə İsmayılova vurğulayıb.
QHT sədri hesab edir ki, 16–18 yaş arası yeniyetmələrin valideyn razılığı ilə sosial şəbəkələrdən istifadə etməsi ailədaxili nəzarəti və valideyn məsuliyyətini də gücləndirəcək.
“Bu yanaşma valideynlə övlad arasında rəqəmsal təhlükəsizlik mövzusunda daha açıq dialoqun formalaşmasına şərait yarada bilər”, – deyə o əlavə edib.
Bununla yanaşı, Nailə İsmayılova qeyd edib ki, yalnız texniki məhdudiyyətlərə əsaslanan qadağalar arzu olunan nəticəni verməyə bilər.
“Əgər qadağa yalnız texniki məhdudiyyətlərlə müşayiət olunarsa, bəzi uşaqlar yaşlarını düzgün göstərməyərək və ya başqa hesablar vasitəsilə sosial şəbəkələrdən gizli istifadə etməyə çalışa bilərlər. Bu halda valideyn nəzarəti zəifləyir və uşaqlar üzləşdikləri riskləri ailələri ilə bölüşməkdən çəkinə bilərlər”, – deyə o bildirib.
Onun fikrincə, problemin həlli üçün kompleks yanaşma vacibdir.
“Düşünürəm ki, təkcə qadağa və məhdudiyyətlər kifayət deyil. Ən effektiv yanaşma hüquqi tənzimləmənin rəqəmsal savadlılığın artırılması, valideynlərin maarifləndirilməsi, məktəblərdə təhlükəsiz internet istifadəsi ilə bağlı təlimlərin təşkili və sosial media platformalarının məsuliyyətinin gücləndirilməsi ilə birlikdə həyata keçirilməsidir”, – deyə QHT sədri vurğulayıb.
Nailə İsmayılovanın sözlərinə görə, qəbul edilən qərarın effektivliyi onun praktik tətbiqindən asılı olacaq.
“Məqsəd uşaqları internetdən tam uzaqlaşdırmaq deyil, onların yaşına uyğun, təhlükəsiz və nəzarətli rəqəmsal mühitdə inkişafını təmin etməkdir. Yalnız kompleks yanaşma həm onlayn riskləri azalda, həm də uşaqların rəqəmsal bacarıqlarının sağlam şəkildə formalaşmasına töhfə verə bilər”, – deyə o fikrini yekunlaşdırıb.






